İnstitutda 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü qeyd olundu May 17, 2022 | 03:15 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş elmi seminar keçirildi.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev öncə tədbir iştirakçılarını Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə təbrik etdi. Bu beynəlxalq günün 2006-cı ildən etibarən hər il qeyd olunmasının İnternetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda, rəqəmsal bərabərsizliyin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərmək, İKT-nin inkişafı problemlərinə diqqəti artırmaq məqsədi daşıdığını nəzərə çatdırdı.

“1865-ci ilin may ayının 17-də Parisdə həmin dövrə məxsus teleqraf əlaqələri üçün vahid standartların müəyyən edilməsi məqsədilə Beynəlxalq Teleqraf İttifaqının əsası qoyulmuş və 1932-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlandırılmışdır. 2005-ci ildə İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində BMT Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilmişdir. BTİ 2006-cı ildə 17 may tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilməsi ilə bağlı qərar qəbul etmişdir”, – deyə akademik bu tarixin önəmini vurğuladı.

İnstitutun baş direktoru bildirdi ki, 2000-ci ilin sentyabr ayında BMT-də beynəlxalq səviyyədə keçirilən Minilliyin Sammitində artıq informasiya cəmiyyəti ideologiyasının bərqərar olduğu və dünya ölkələri tərəfindən bu istiqamətdə zəruri addımların atılmasının vacibliyi bildirildi. Azərbaycanda Ulu Öndər Heydər Əliyevin qərarı ilə hazırlanmış, İKT-nin insan həyatının müxtəlif sahələrində, xüsusilə də, dövlət hakimiyyəti orqanlarının fəaliyyətində geniş tətbiqini nəzərdə tutan “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” 2003-cü ildə təsdiq edildi. Beləliklə, ölkəmizdə də Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində informasiya cəmiyyəti ilə bağlı geniş sferaları əhatə edən məqsədyönlü fəaliyyətə başlanıldı, İKT-nin müxtəlif sahələrə təsiri ilə bağlı elektron dövlət, elektron təhsil, elektron elm və s. kimi yeni təşəbbüslər irəli sürüldü.

Hər il dünyada bu günlə əlaqədar genişmiqyaslı tədbirlərin təşkil olunduğunu diqqətə çatdıran akademik cari ildə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün “Yaşlı insanlar üçün rəqəmsal texnologiyalar və sağlam yaşlanma” mövzusuna həsr olunduğunu vurğuladı. Qeyd etdi ki, 2006-cı ildən etibarən hər il 17 may İnformasiya Texnologiyaları İnstitutunda BTİ-nin çağırışlarına müvafiq olaraq Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü yüksək səviyyədə qeyd olunur.

R.Əliquliyev ölkəmizdə yaşlıların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələrdən söz açaraq, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST Agentliyi və BMT-nin Əhali Fondunun maliyyə və təşkilati dəstəyi ilə “Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” adlı beynəlxalq layihənin icrasına başlanıldığını da qeyd etdi.

AMEA-nın vitse-prezidenti Azərbaycan Milli Elmlər Akademiyasında da informasiya texnologiyalarının inkişafı, İKT-nin cəmiyyətdə rolu, rəqəmsal transformasiya məsələlərinə hər zaman xüsusi diqqət yetirildiyini nəzərə çatdırdı. Elmi qurumda müəyyən qrant layihələri çərçivəsində İKT-nin elmi-nəzəri əsaslarının araşdırılması, onun tətbiqi, süni intellekt texnologiyalarının elmi fəaliyyətə geniş tətbiqi və s. ilə bağlı müxtəlif dövlət proqramlarının həyata keçirildiyini söylədi.

Sonra institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova “Yaşlı insanlar üçün rəqəmsal texnologiyalardan istifadənin üstünlükləri və riskləri”, şöbə müdiri Rasim Mahmudov “Industry 4.0 və yaşlı insanların məşğulluğu məsələləri”, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat “Sənaye 4.0 dövründə kiber-fiziki sistemlər yaşlı insanların xidmətində”, doktorant Orxan Vəlixanlı “Sənaye 4.0 dövründə kiberfiziki sistemlər yaşlı insanların xidmətində”, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Yaşlı insanların rəqəmsal əkizi: konseptual əsasları, mövcud vəziyyəti, riskləri və gələcək perspektivləri”, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev “İnsanın rəqəmsal əkizləri: perspektivlər və problemlər” mövzularında məruzələrlə çıxış etdilər.

Məruzələr ətrafında gedən müzakirələrdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri – AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, baş elmi işçi v.i.e., texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və digərləri çıxış edərək mövzuya dair təklif və tövsiyələrini səsləndirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı