Proqram təminatının mürəkkəbliyinin ölçülməsi üçün hibrid metod təklif edilib Oktyabr 14, 2021 | 02:36 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında bu elmi qurumun baş mütəxəssisi Tamilla Bayramovanın “Proqram təminatının mürəkkəbliyinin ölçülməsi metodlarının təhlili və bir hibrid metodun işlənilməsi” mövzusunda məruzəsi dinlənilib.

Məruzəni təqdim edən T.Bayramova bildirib ki, müasir proqram sənayesində yüksək rəqabətin müşahidə olunması, rəqabətədavamlı və keyfiyyətli proqram təminatının işlənilməsinə tələbatın artması, proqram kodunun mürəkkəbliyinin proqram təminatının əsas keyfiyyət göstəricilərindən biri olan etibarlılığa təsir etməsi, proqram təminatının mürəkkəblik metrikalarından istifadə etməklə onda olan səhvlərin sayının düzgün və dəqiq qiymətləndirilməsi və proqnozlaşdırılması, mürəkkəbliyin proqram təminatının anlaşıqlı olmasını və ona yeni funksiyaların əlavə edilməsini çətinləşdirməsi, proqram təminatının mürəkkəbliyinin ölçülməsi üçün universal metrikanın olmaması tədqiqat işini aktuallaşdırır.

Onun sözlərinə görə, proqram təminatının ölçülməsi keyfiyyətli proqram təminatının işlənilməsində ən vacib məsələlərdən biridir. Proqram mühəndisliyinin standartlaşdırılmış terminologiya lüğətində proqram təminatının metrikası proqram təminatının və onun spesifikasiyalarının bəzi xüsusiyyətlərinin ədədi qiymətləndirilməsinə imkan verən ölçü kimi müəyyən edilmişdir. Proqram təminatının metrikaları mövcud proqram məhsulunun və ya prosesinin keyfiyyətinin müəyyən edilməsi, proqnozlaşdırılması, artırılması; proqram layihələrinin qiymətinin və qrafikinin müəyyən edilməsi; yeni metod və vasitələrin tətbiqinin məhsuldarlığının qiymətləndirilməsi; texniki xidmətə tələbatın əvvəlcədən müəyyən edilməsi və azaldılması üçün lazımdır.

Proqram təminatının metrikaları arasında mürəkkəblik metrikalarının xüsusi əhəmiyyət daşıdığını bildirən T.Bayramova qeyd edib ki, mürəkkəblik proqram təminatının qiyməti, etibarlılığı, məhsuldarlığı və təkmilləşdirilə bilməsinə birbaşa təsir edən əsas faktorlardandır. Mürəkkəblik elə bir dərəcədir ki, orada layihənin, sistemin və ya onun komponentinin yoxlanılması və anlaşılması çox çətin olur.

Məruzəçi, həmçinin LOC (Lines of Code), Halstead, Jilb, Çepin, C&K metrikaları, Siklomatik mürəkkəblik və ya McCabe metrikası, ABC-metrika haqqında məlumat verib, onların üstünlükləri və çatışmazlıqlarından danışıb. Avropa Birliyi, Böyük Britaniya, Almaniya, ABŞ və Yaponiya tərəfindən həyata keçirilmiş proqram təminatının ölçülməsi üzrə layihələrdən bəhs edib.

T.Bayramova tədqiqat işində təklif edilmiş proqram təminatının mürəkkəbliyinin ölçülməsi üçün hibrid metodun özündə Halstead, McCabe və SLOC metrikalarının əsas xarakteristikalarını birləşdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu metod proqram təminatının mürəkkəbliyini daha dəqiq qiymətləndirməyə imkan verir və mürəkkəbliyə kompleks yanaşmanı təmin edir.

“Mürəkkəblik dizayndan, alqoritmin tərtib edilməsindən, proqramlaşdırma dilinin seçilməsindən və proqram kodunun yazılmasından asılı olaraq dəyişə bilər. Bu sahədə aparılan çoxsaylı tədqiqatlar istənilən proqram kodunun mürəkkəbliyinin ölçülməsi üçün universal metrikanın olmadığını göstərir. Hər hansı bir metrikanın tətbiq edilməsi konkret problemdən asılıdır. Bu metrikaların biri digərindən yaxşı deyil, sadəcə olaraq, onlar eyni bir problemə müxtəlif tərəflərdən yanaşmağa və onun əsasında qərar qəbul etməyə imkan verir”, – deyə tədqiqatçı bildirib.

Daha sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, məruzəçi çoxsaylı sualları cavablandırıb.

Müzakirələrdə institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və digər alimlər iştirak edərək, elmi tədqiqata dair təklif və tövsiyələrini səsləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı