“İnformasiya cəmiyyəti şəraitində insan resurslarının idarə olunmasını intellektual dəstəkləyən model və metodların işlənməsi” adlı dissertasiya işi müzakirə olundu Yanvar 24, 2020 | 04:36 / Konfranslar, iclaslar

Bu gün institutun  növbəti elmi seminarı keçirildi.

Öncə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın texnika üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi.

Dosent Z.Cəbrayılova “İnformasiya cəmiyyəti şəraitində insan resurslarının idarə olunmasını intellektual dəstəkləyən model və metodların işlənməsi” adlı dissertasiya işini təqdim edərək mövzunun aktuallığı, tədqiqatın məqsədi, obyekti, elmi yeniliyi və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dissertasiya işi giriş, 5 fəsil, nəticə, ədəbiyyat siyahısından ibarətdir. Mövzu üzrə 25 məqalənin (onlardan 5-i “Web of Science”, 9-u “Scopus” bazasında indeksləşən məcmuələrdə), həmçinin beynəlxalq və respublika səviyyəli konfransların materiallarında 14 məqalənin dərc olunduğunu bildirdi.

Məruzəçi bildirdi ki, informasiya cəmiyyəti şəraitində “insanlar hər bir dövlətin həqiqi sərvətidir və hər hansı sahədə aparılan inkişaf siyasəti məhz onlara xidmət etməlidir” tezisi ilə çıxış edən insan inkişafı konsepsiyası insan resurslarının idarə olunması (İRİO) nəzəriyyəsi və praktikasının inkişafında yeni dünya tendensiyasını formalaşdırıb, onun çoxsəviyyəli sistemdə keçidinə zəmin yaradıb. Bu baxımdan makro-, mezo- və mikrosəviyyələrdə İRİO ölkənin, regionun (iqtisadiyyatın müəyyən seqmentinin, sahənin) və təşkilatın (müəssisə, firma) İRİO-ya yönəlib.

Z.Cəbrayılova informasiya cəmiyyətinin məhz bu reallıqlarından çıxış edərək dissertasiya işinin məqsədinin elektron dövlətin insan resurslarının idarə olunması infrastrukturunda iyerarxik idarəetmə səviyyələri üzrə qərarların qəbulunu intellektual dəstəkləmək üçün model, metod və instrumental vasitələrin işlənilməsindən ibarət olduğunu qeyd etdi.

O, elmi-tədqiqat işi çərçivəsində informasiya cəmiyyəti şəraitində İRİO-nun elmi-nəzəri aspektlərinin analizi və İRİO-da qərarların qəbulunun dəstəklənməsi məsələlərinin müəyyənləşdirilməsi, dövlətin insan resursları, sosial-iqtisadi siyasətinin formalaşması ilə bağlı qərarlarının qəbulunun dəstəklənməsində demoqrafiq göstəricilərin rolu, analizi, onların proqnozlaşdırılmasının model və metodlarının  işlənməsi haqqında ətraflı məlumat verdi. Vurğuladı ki, ölkədə yoxsulluğun azaldılması və perspektiv məşğulluq siyasətinin formalaşması üzrə qərarların qəbulunun dəstəklənməsi məsələlərinin modelləşdirilməsi, həll metod və alqoritmlərinin işlənməsi, mikrosəviyyədə  - yəni təşkilatda intellektual dəstək tələb edən İRİO məsələlərinin modelləşdirilməsi, İRİO qərarlarının qəbulunun intellektual dəstəklənməsi üçün ilkin informasiyanın emalı üsullarının işlənməsi, mezosəviyyədə -  tibbi sferada insan resurslarının formalaşması, istifadəsi və inkişafı ilə bağlı vəziyyətin təhlili və İRİO qərarlarının qəbulunu dəstəkləyən metod və alqoritmlərin işlənməsi də bu məsələlərə daxildir.

Daha sonra mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

Aparılan ədqiqatın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək alınan elmi-nəzəri nəticələrin institutun 15 saylı şöbəsində “Süni intellekt model və metodlarının tədqiqi, tətbiqi və inkişafı”, “Sosioinformasiya texnologiyaları problemləri” istiqamətləri üzrə aparılan tədqiqatlara əsaslandığını bildirdi. O, Z.Cəbrayılovanın apardığı tədqiqat işinin elmi yeniliyini, nəzəri və praktiki əhəmiyyətini nəzərə alaraq doktorluq elmi dərəcəsi almaq üçün İxtisalaşmış Şurada müdafiəyə təqdim olunmasını təklif etdi.

Daha sonra Bakı Dövlət Universitetinin İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının müdiri, texnika üzrə elmlər doktoru, professor Ələkbər Əliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Doktorantura şöbəsinin müdiri, texnika üzrə elmlər doktoru, professor Lətafət Qardaşova aparılan elmi tədqiqat işi barəsində mütəxəssis rəyini diqqətə çatdırdılar. Hər iki rəyçi vurğuladı ki, dissertasiya işi tamamilə “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun qaydada tərtib olunub, tədqiqatın mövzu və məzmunu iddia olunan ixtisasa uyğundur və dissertasiya işi İxtisalaşmış Şurada müdafiəyə təqdim oluna bilər.

Müzakirələrdə iştirak edən AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun şöbə müdirləri - texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev, institutun baş mühəndisi texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova aparılan elmi tədqiqatın nəzəri və praktiki əhəmiyyətini, o cümlədən əldə edilən elmi nəticələrin əhəmiyyətini nəzərə alaraq dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasını təklif etdilər.           

Sonra akademik Rasim Əliquliyev çıxış edərək tədqiqat işində cəmiyyətin bugünkü tempinə uyğun məsələlərin öz əksini tapdığını, texnologiyanın inkişafına uyğun olaraq təkmilləşdirildiyini, yeni metodların ortaya qoyulduğunu qeyd etdi. Bu mövzunun bütün ölkələr üçün aktual olduğunu diqqətə çatdıran akademik, elmi tədqiqat işi ilə bağlı bir sıra tövsiyələrini də diqqətə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı