Akademik Rasim Əliquliyev: “Bazar iqtisadiyyatı şəraitində institutun innovativ potensialının artırılmasına xüsusi önəm verilməlidir” May 30, 2019 | 04:08 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirildi. AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev tədbiri giriş sözü ilə açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırdı.  

Öncə institutun Ümumi şöbəsinin müdiri Dinara Zeynalova institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti barədə məlumat verdi. O, tapşırıqlara əsasən, müxtəlif problemlərə həsr olunmuş elmi seminarların təşkili, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktiki konfranslara məqalələrin təqdim olunması və nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülmüş işləri təqdim etdi.

D.Zeynalova, həmçinin cari ildə AMEA Rəyasət Heyətindən daxil olan məktublar, sərəncam və qərarların icra vəziyyəti barədə məlumat verərək həyata keçirilən tədbirləri nəzərə çatdırdı.

Daha sonra akademik Rasim Əliquliyev çıxış edərək institutun struktur bölmələrinin 2019-cu il üçün innovativ təklifləri barədə məlumat verdi.

Müasir iqtisadiyyatın innovativ istiqaməti olan informasiya və biliklər iqtisadiyyatının əsasını İKT sektorunun təşkil etdiyini bildirən akademik ölkə rəhbərliyi tərəfindən bu sektorun ölkəmizdə prioritet sahə elan edildiyini, bu sahənin inkişafı ilə bağlı milli strategiyalar, strateji yol xəritələri, dövlət proqramları, qanunvericilik aktlarının qəbul edildiyini bildirdi.

Ölkəmizdə biliklər iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində genişmiqyaslı kompleks tədbirlərin həyata keçirildiyini söyləyən R.Əliquliyev rəhbərlik etdiyi qurumda innovasiya siyasəti çərçivəsində görülən işlərə dair məlumat verdi. Akademikin sözlərinə görə, institutda dövlətin çağırışlarına uyğun həyata keçirilən layihələr, icra olunan işlərin kommersiyalaşdırılmasına dair təkliflərin irəli sürülməsi vacib məsələlərdəndir.

R.Əliquliyev qeyd etdi ki, institutun rəqabətqabiliyyətliliyinin artırılması, kadr resurslarının inkişafı baxımından potensial kommersiya təklifləri nəzərə alınmalı, bazar iqtisadiyyatı şəraitində institutun innovativ potensialının artırılmasına xüsusi önəm verilməlidir.

İnstitutda elmi-innovasiya, tədris-innovasiya, şəbəkə  texnologiyaları, kompüter  xidmətləri, veb-saytların  yaradılması, konsaltinq  xidmətləri, kompüter  dizaynı və nəşriyyat xidmətləri, tərcümə  xidmətləri, proqram  məhsullarının işlənilməsi, eləcə də digər xidmətlər üzrə innovativ perspektivlərin mövcud olduğunu söyləyən institut direktoru bu potensialın daha da gücləndirilməsinin, qeyd olunan xidmətlər üzrə təkliflərin marketinqinin qurulmasının zəruriliyini vurğuladı.

İnstitut əməkdaşlarının qrant layihələrdə iştirakının vacibliyindən söz açan R.Əliquliyev ölkəmizdə elm fondlarının respublikada fəaliyyət göstərən alimlərin fəaliyyətini dəstəkləmək və onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə geniş imkanlar açdıqlarını və mütəmadi olaraq müsabiqələr elan etdiklərini söylədi. Alim institut əməkdaşlarına AR Dövlət Neft Şirkətinin Elm Fondu tərəfindən təqdim olunan layihələrdə daha fəal iştirak etməyi, elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə etdi. 

AMEA üzrə e-elmin monitorinqinin keçirilməsi haqqında çıxış edən akademik R.Əliquliyev e-elmin elmi-nəzəri əsaslarının geniş tədqiqinin AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırdı. Akademik qeyd etdi ki, bu məqsədlə e-elmin şəbəkə platforması olan AzScienceNet elm kompüter şəbəkəsinin infrastrukturu inkişaf etdirilir, AMEA-nın elmi müəssisə və təşkilatlarının bu şəbəkə ilə əhatə olunması, onun xidmətlərindən istifadəsi və beynəlxalq elmi mühitə inteqrasiyası işləri uğurla davam etdirilir.

Alimin sözlərinə görə, AMEA-nın elmi müəssisə və təşkilatlarının İKT ilə təminatı vəziyyətinin qiymətləndirilməsi, rəqəmsal fərqin aşkarlanması, növbəti dövr üçün e-elmin fəaliyyət  prioritetlərinin müəyyənləşdirilməsi məqsədi ilə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir. Yaxın zamanda növbəti monitorinqlərin aparılmasına başlanılacağını qeyd edən institut direktoru monitorinq vasitəsilə əldə olunan nəticələrin ölkədə uğurla həyata keçirilən informasiya cəmiyyəti quruculuğuna öz töhfəsini verəcəyinə əminliyini vurğuladı.

AzScienceNet şəbəkə mühitində hostinq xidmətlərinin təşkili haqqında çıxış edən institutun elmi işçisi, proqramçı Yusif Sadıyev Xüsusi Dövlət Mühafizə Xidməti və AzScienceNet şəbəkəsinin Data Mərkəzlərində yerləşdirilmiş veb-resurslar, eləcə də bu Data Mərkəzlərin veb-serverlərində yerləşdirilmiş veb-resursların statistikası barədə ətraflı məlumat verdi.

Onun sözlərinə görə, AzScienceNet şəbəkəsinin Data Mərkəzinə yerləşdirilməsi üçün kənar şirkətlər tərəfindən hazırlanan AMEA-nın institut və təşkilatlarının veb-saytlarının audit olunaraq veb-serverlərdə yerləşdirilməsi, Data Mərkəzdə serverin yenilənməsi nəticəsində saytlarda yaranan problemlərin aradan qaldırılması və saytların serverin yeni versiyasına uyğun konfiqurasiya edilməsi, eləcə də AzScienceNet şəbəkəsinin Data Mərkəzində yerləşən saytlarda yaranan problemlərlə bağlı daxil olan müraciətlərin araşdırılması və nasazlıqların aradan qaldırılması AzScienceNet şəbəkəsinin Data Mərkəzində görülən işlər sırasındadır.

O, həmçinin qeyd etdi ki, Data Mərkəzdə saytları idarə edən şəxslərə saytın idarə olunması ilə bağlı qarşıya çıxan problemlərin həllində mütəmadi dəstək göstərilir, veb-saytların təhlükəsizliyinin təmin olunması məqsədilə onlar konfiqurasiya olunur, veb-serverlərin və veb-saytların penetrasiya testi aparılır, yaranmış boşluqlar aradan qaldırılır.

Sonra institutun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın nəticələri haqqında məlumat verdi. Bildirdi ki, 2007-ci ildən mütəmadi olaraq hər il keçirilən və artıq 13-cü dəfə təşkil olunan olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki bilikləri və bu sahəyə olan maraqlarının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın birinci mərhələsi Bakı Mühəndislik Universitetində, final mərhələsi isə İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.

R.Mahmudova qeyd etdi ki, olimpiadanın final mərhələsində respublikanın 17 ali təhsil müəssisəsindən (Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və s.) 17 komanda iştirak edib. 

Final mərhələsinin nəticələrini diqqətə çatdıran R.Mahmudova bildirdi ki, 1-ci yerə Bakı Mühəndislik Universitetinin “BEU Programmers”, 2-ci yerə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MSU_BAKU_3”, 3-cü yerə ADA Universitetinin “ADA-Firi-J”, 4-cü yerə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ADNSU 1” komandaları layiq görülüblər.

R.Mahmudova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Standartlaşdırmada fərqliliyin aradan qaldırılması” mövzusuna həsr olunmuş, İnformasiya Texnologiyaları İnstitutunun nümayəndələrinin də iştirak etdiyi tədbirdə qaliblərin mükafatlandırılması mərasiminin keçirildiyini qeyd etdi.  

“İnformasiya texnologiyaları problemləri” jurnalının məsul redaktoru, institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova “İnformasiya texnologiyaları problemləri”, eləcə də “İnformasiya cəmiyyəti problemləri” elmi-praktiki jurnallarının təkmilləşdirilməsinə dair görülən işlər haqqında məlumat verdi.

Z.Cəbrayılova jurnalların beynəlxalq bazalara daxil edilməsi istiqamətində işlərin davam etdirildiyini qeyd edərək bildirdi ki, hazırda jurnallar “Index Copernicus”, “Google Scholar”, “CiteFactor”, “Eurasian Scientific Journal Index”, “Research Bib” və “DRJİ” bazalarda indeksləşir. Jurnalın məsul redaktoru qeyd etdi ki, jurnalların müvafiq axtarış sistemlərində yaxşı tanınmasını təmin etmək üçün texniki problemlərin həlli, həmçinin beynəlxalq reyestrlərə inteqrasiyasının gücləndirilməsi istiqamətində işlər aparılır. Z.Cəbrayılova, həmçinin jurnalların ingilis dili versiyaları üçün yerinə yetirilən tərcümə işlərinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirləri diqqətə çatdırdı.

İclasda, həmçinin 23-25 oktyabr 2019-cu il tarixlərində keçiriləcək “İnformasiya və Kommunikasiya Texnologiyalarının tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı”nda (AICT 2019) institut əməkdaşlarının iştirakı və konfrans materiallarının təqdim olunması istiqamətində görülən işlər müzakirə olundu.

Bununla yanaşı, 2020-ci ildə institutda keçirilməsi nəzərdə tutulan 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” ümumrespublika elmi-praktiki konfransının müasir dövrün çağırışlarına uyğun olaraq hazırlanması istiqamətində tövsiyələr səsləndirildi, süni intellektin ümumfəlsəfi əsasları üzrə tədqiqatların aparılmasının zəruriliyi vurğulandı.

Sonda bir sıra kadr məsələlərinə baxıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı