“E-dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi müdafiə olundu Dekabr 14, 2018 | 09:45 / Konfranslar, iclaslar

Dekabrın 13-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dissertasiya şurasının növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev gündəlikdə duran məsələlər haqqında məlumat verərək iclasın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Gülnarə Nəbibəyovanın 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsinə həsr olunduğunu bildirdi.

Öncə Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru Ramiz Şıxəliyev iddiaçının şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Sonra G.Nəbibəyova dissertasiyanı təqdim edərək işin aktuallığı, məqsədi, məqsədə çatmaq üçün müəyyən olunmuş məsələləri diqqətə çatdırdı.

İddiaçı bildirdi ki, elmi-texniki inkişaf, kompüterləşmə və yeni informasiya texnologiyalarının tətbiqi nəticəsində iqtisadi, təhsil və mədəniyyət sahələri, eləcə də dövlət idarəçiliyi kimi əhəmiyyətli sahə getdikcə daha da müasirləşir. İnformasiya cəmiyyətinə məxsus keyfiyyət baxımından yeni idarəetmə forması olan elektron dövlət siyasi sahənin tənzimlənməsi üçün informasiya texnologiyalarından fəal istifadə ilə səciyyələnir. İnteqrasiyanın müxtəlif sahələrdə müşahidə olunduğu qloballaşma şəraitində hansı ölkə ilə və hansı sahədə daha sıx əlaqə və münasibətlərin qurulduğunu bilməyin əhəmiyyətliliyi, bir ölkənin digər ölkələrlə bütovlükdə və müxtəlif sahələrdə ayrı-ayrılıqda inteqrasiya səviyyəsinin qiymətləndirilməsinin vacibliyi aktual məsələlərdəndir.

Onun  sözlərinə görə, dissertasiya işinin əsas məqsədi elektron dövlət mühitində xarici siyasətin həyata keçirilməsinin effektivliyinin artırılması məqsədilə beynəlxalq inteqrasiya proseslərinin kompleks şəkildə qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsidir.

Məruzəçi dissertasiya işində mövcud yanaşmaların müqayisəli analizinin aparıldığını və elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin qiymətləndirilməsinin elmi-nəzəri problemlərinin aşkar edildiyini, ölkələrarası inteqrasiya proseslərinin qiymətləndirilməsi üçün qərarların qəbulunu dəstəkləyən sisteminin (ÖİPQ QQDS) arxitektur-texnoloji modelinin təklif edildiyini bildirdi. O, həmçinin inteqrasiyanın inteqral indeksinin tapılması üçün ekspert qiymətləndirmələri metodları əsasında iyerarxiya strukturlu ölkələrin inteqrasiyasının ayrı-ayrı indikatorlarının əhəmiyyətlilik dərəcələrinin hesablanması üçün hesab düsturlarının alındığını, məsələnin reallaşdırılması və təklif edilmiş metodların adekvatlığının qiymətləndirilməsi üçün kompüter sınağının keçirilməsi üçün proqram təminatının işlənildiyini qeyd etdi.

G.Nəbibəyova dissertasiya işinin elmi yeniliyini diqqətə çatdıraraq fiziki və virtual fəzaları nəzərə alaraq ölkələrin inteqrasiya dərəcəsinin ölçülməsi üçün konseptual yanaşmanın, elektron dövlət mühitində OLAP və verilənlər anbarı (VA) texnologiyalarından istifadə etməklə ÖİPQ QQDS arxitektur-texnoloji və ÖİPQ QQDS-də qeyri-səlis OLAP-kublu polikubik OLAP-modellərinin, ÖİPQ QQDS-də qeyri-səlis məsələlərin həlli üçün qeyri-səlis OLAP-kubun qeyri-səlis kəsiminin formalaşdırılmasının modifikasiya olunmuş alqoritminin işlənildiyini söylədi.

Sonra iddiaçı çoxsaylı sualları cavablandırdı.

Dissertasiya işinə dair çıxış edən elmi rəhbər AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev mövzunun aktuallığını önə çəkdi. Alim müasir dövrdə yeni informasiya texnologiyalarının tətbiqi nəticəsində elektron dövlətin konsepsiyasının fəal şəkildə işlənildiyini qeyd etdi. Elmi rəhbər e-dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi ilə əlaqədar tədqiqatın elm sahəsi üçün yenilik olduğunu, təklif olunan yanaşmaların praktiki əhəmiyyət daşıdığını, ölkə əhəmiyyətli məsələlərə həsr olunduğunu və ölkəmizdə formalaşan elektron dövlətin seqmentlərinin çoxsaylı infrastrukturlarının aşkarlanmasına dəstək verdiyini diqqətə çatdırdı.

R.Şıxəliyev dissertasiya işi və avtoreferata dair daxil olmuş rəylər haqqında məlumat verdi.

Dissertasiya işi üzrə rəsmi opponentlər­ ­– AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Мəsumə  Məmmədova, texnika üzrə fəlsəfə doktoru, dosent Gülarə Muradova çıxış edərək tədqiqatın AAK tərəfindən texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilən dissertasiyalara qoyulan tələblərə cavab verdiyini qeyd etdilər, irad və təkliflərini səsləndirdilər.

Müzakirələrdə şöbə müdiri, institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid ƏləkbərovAMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımoviqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyevtexnika elmləri doktoru, professor Nadir Ağayev çıxış edərək dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün əsaslı tədqiqatlar aparıldığını və dissertasiya işində əldə olunmuş nəticələrin elmi yenilik olduğunu bildirdilər.

İddiaçının yekun sözləri dinlənildikdən sonra gizli səsvermə keçirildi və G.Nəbibəyovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı