“E-dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi müzakirə olundu Yanvar 31, 2018 | 04:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 16 saylı şöbəsinin növbəti elmi seminarı keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev seminarın “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu bildirdi, elmi rəhbəri olduğu tədqiqat işi haqqında məlumat verdi. Alim mövzunun aktuallığını önə çəkərək bildirdi ki, elmi-texniki inkişaf, kompüterləşmə və yeni informasiya texnologiyalarının tətbiqi nəticəsində dövlət idarəçiliyinin yeni forması olan elektron dövlətin konsepsiyası fəal şəkildə işlənilir və həyata keçirilir. Alim qeyd etdi ki, e-dövlət siyasi sferanın tənzimlənməsi üçün informasiya texnologiyalarından fəal istifadə ilə səciyyələnir.

Sonra şöbə müdiri Gülnarə Nəbibəyova dissertasiya işini təqdim edərək işin məqsəd və vəzifələri, aktuallığı, elmi yeniliyi və s. haqqında ətraflı məlumat verdi. Bildirdi ki, dissertasiya işi giriş, 4 fəsil, əsas nəticələr, 139 adda ədəbiyyat siyahısı və 2 əlavədən ibarətdir. Mövzu üzrə 11 elmi iş çap edilmişdir.

G.Nəbibəyova qeyd etdi ki, dissertasiya işinin əsas məqsədi ölkələr arasında inteqrasiya preseslərinin qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənilməsi və Qərarların Qəbulunu Dəstəkləyən Sistemlər (QQDS) çərçivəsində OLAP texnologiyaları və Verilənlər Anbarından (VA) istifadə etməklə elektron dövlət mühitində beynəlxalq inteqrasiya proseslərinin tədqiqidir.

Məruzəçi dissertasiya işində beynəlxalq inteqrasiya proseslərinin tədqiqinin müasir vəziyyətinin analizi, e-dövlət mühitində ölkələrin inteqrasiyasının tədqiqi üçün QQDS-in layihələndirilməsi, ölkələrin inteqrasiya dərəcəsinin ölçülməsi üçün metodların işlənilməsi, ölkələr arasında inteqrasiyanın tədqiqi üçün QQDS-də hazırlanmış metod və modellərin tətbiqi ilə bağlı yerinə yetirilmiş işləri diqqətə çatdırdı.

G.Nəbibəyova dissertasiya işində əldə olunmuş nəticələri təqdim etdi. Qeyd etdi ki, işdə beynəlxalq inteqrasiya proseslərinin qiymətləndirilməsinin elmi-nəzəri problemləri müəyyən edilmiş, e-dövlət mühitində ölkələrarası inteqrasiya dərəcəsinin ölçülməsi üçün indikatorlar kimi İnternetdə ölkələr arasında informasiya axınlarının həcmi, beynəlxalq müqavilələrin və beynəlxalq görüşlərin sayı təklif olunmuşdur. Həmçinin qeyri-səlis OLAP-kubda qeyri-səlis sorğu nəticəsində qeyri-səlis kəsimin formalaşdırılması alqoritmi hazırlanmış, ölkələrin inteqrasiya dərəcəsinin təyini üçün meyarların ikisəviyyəli iyerarxiya modeli təklif olunmuş, QQDS İntellektual İnformasiya Sisteminin strukturu layihələşdirilmiş və modeli hazırlanmış, proqram reallaşdırılması yerinə yetirilmişdir.

Sonra dissertasiya işinə dair çoxsaylı suallar cavablandırıldı. 

Sonda çıxış edən elmi rəhbər, akademik R.Əliquliyev dissertasiya işinin əhəmiyyətini önə çəkərək bu istiqamətdə aparılan tədqiqatların elm sahəsi üçün yenilik olduğunu bildirdi. Dissertasiya işini məqbul qiymətləndirən alim məruzəçiyə araşdırmaların daha da dərinləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı