Akademik Rasim Əliquliyev: “Proqram mühəndisliyi sahəsində intellektual kadrlar yetişdirilməlidir” Dekabr 19, 2016 | 04:40 / Konfranslar, iclaslar

Əsas məqsəd ölkəmizdə proqram mühəndisliyinin elmi-nəzəri problemlərini öyrənməklə bu sahəni inkişaf etdirmək və dünya bazarına milli proqram məhsullarının çıxarılmasına nail olmaqdır.

Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev 16 dekabr 2016-cı il tarixdə institutda “Proqram mühəndisliyinin müasir vəziyyəti, problemləri və həll perspektivləri” mövzusunda keçirilmiş elmi seminarda çıxışı zamanı səsləndirib. Tədbirin əhəmiyyətindən söz açan alim bildirib ki, Azərbaycanda informasiya texnologiyaları istiqamətində fəaliyyət göstərən alim və mütəxəssislər proqram mühəndisliyinin (PM) təhlükəsizlik, hüquqi və iqtisadi aspektlərinin öyrənilməsinə xüsusi diqqət göstərməlidirlər. Ölkədə PM-in inkişafının AMEA prezidenti, akademik Akif Əlizadənin də diqqət mərkəzində olduğunu vurğulayan alim bu sahədə rəqabətədavamlı, intellektual kadrların yetişdirilməsinin vacib məsələlərdən olduğunu deyib. Qeyd edib ki, ölkənin orta məktəblərində təhsil alan şagirdlərə proqram mühəndisliyi ilə bağlı fənlər tədris olunmalı, onlara riyazi məntiq və alqoritmik düşüncə aşılanmalıdır: “Əsas məqsəd ölkəmizdə PM-in elmi-nəzəri problemlərini öyrənməklə bu sahəni inkişaf etdirmək və dünya bazarına milli proqram məhsullarının çıxarılmasına nail olmaqdır. Bu sahənin inkişafı Azərbaycanın iqtisadiyyyatı ilə yanaşı, müdafiə gücünün artırılmasında da mühüm rol oynayacaq”. Alim, həmçinin institutda proqram mühəndisliyinin elmi-nəzəri əsaslarının öyrənilməsi istiqamətində aparılan araşdırmaların əhəmiyyətini önə çəkib.

“Proqram mühəndisliyi təbii intellektin suni intellektə inikasını həyata keçirən texnoloji konveyrdir”, – deyə bildirən R.Əliquliyev bu sahənin inkişafının biliklər cəmiyyətinin qurulmasını hədəf qoyan hər bir dövlət qarşısında duran ən vacib məsələlərdən olduğunu deyib. O, institut alimlərini, o cümlədən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən hər kəsi proqram mühəndisliyi ilə ciddi məşğul olmağa, dünya təcrübəsini öyrənməyə, dərin elmi araşdırmalar aparmağa səsləyib. 

Sonra texnika elmləri doktoru, professor Nadir Ağayev “Virtual mühitdə biliklərin əldə edilməsi: mövcud vəziyyət, problemlər və prespektivlər” mövzusunda çıxış edib. Bildirib ki, virtual öyrənmə sistemi ənənəvi təhsil sisteminin bütün imkanlarını özündə birləşdirən xüsusi texnobilik sistemidir. Bu sistemin 1996-cı ilin sonlarında yarandığını qeyd edən alim hazırda sistemdən onlayn kursların hazırlanması və virtual öyrənmə sistemi kimi geniş istifadə edildiyini deyib. O, mövcud virtual sistemlərin əsas elementlərindən söz açaraq bildirib ki, buraya tələbə veb-poratlı, tədris kursunun idarəetmə sistemi, tədris materialları, sinxron kommunikasiya vasitələri və s. aiddir.

N.Ağayev biliklərin yoxlanılmasında rast gəlinən problemlərdən də söz açıb: “Elə virtual sistem yaratmaq lazımdır ki, tələbənin texniki imkanları daxilində müəllimin vizual nəzarəti altında praktiki bilikləri reallaşdırsın”. Məruzəçi sistemin yaradılması ilə bağlı SYNAPSE, China Brain Project, OpenWormHBP kimi mövcud layihələr haqqında məlumat verib.

O, həmçinin cəmiyyətdə sosial rəqəmləşmə, virtuallaşmada keyfiyyət dəyişmələri, öyrətmə sistemlərində qiymətləndirmə və s. haqqında geniş məlumatları diqqətə çatdırıb.

İnstitutun böyük elmi işçisi Tamilla Bayramova “Azərbaycanda proqram mühəndisliyinin tədrisinin müasir vəziyyəti və problemləri” mövzusunda məruzəsini təqdim edib. O, öncə PM-in inkişaf tarixi haqqında məlumat verərək proqram təminatı - software termininin ilk dəfə Con Tyuke tərəfindən  işlənildiyini bildirib. Bu sahə üzrə Beynəlxalq konfransların isə 1975-ci ildən keçirilməyə başladığını nəzərə çatdırıb. Qeyd edib ki, proqram mühəndisliyi – kompüter elmi və texnologiyasının çox böyük və mürəkkəb proqram sistemlərinin yaradılması ilə məşğul olan  bir sahəsidir.

Məruzəçinin sözlərinə görə, proqram mühəndisi sifarişçi ilə ünsiyyət qabiliyyəti, tələblərin düzgün təyin edilməsi, sınaq və verifikasiya, müxtəlif növ sənədlərin tərtibi kimi tələblərə cavab verməlidir. Ali məktəblərdə tələbələrə proqramlaşdırmanı öyrətmək üçün real proqram layihələri ilə işləyən təşkilatlarla sıx əlaqələr yaratmaq, tədrisə böyük iş təcrübəsi olan mütəxəssisləri cəlb etmək və tədris planını təkmilləşdirmək vacib məsələlərdəndir.

O, qeyd edib ki, proqram mühəndisliyinin tədrisini bu sahə üzrə qabaqcıl dövlətlər səviyyəsinə qaldırmaq üçün tələbələrə PM-in əsasları, proqram təminatının müasir işlənilmə texnologiyaları və metodları,  proqramın işlənilməsi, sınaq, konfiqurasiyanın idarə edilməsi kimi biliklər öyrədilməlidir.

“Proqramlaşdırmanın inkişaf mərhələləri” mövzusunda isə institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova çıxış edib. “Proqram mühəndisliyi sahəsində əsas məqsədlərdən biri də proqram məhsullarının istehsalıdır”, - deyə bildirən məruzəçi bu məhsulların texniki, iqtisadi və sosial tələblərə cavab verməli olduğunu qeyd edib.

O, proqramlaşdırma sahəsində fəaliyyət göstərən alimlər haqqında məlumat verib. Bildirib ki, ilk proqramlaşdırma dilini alman alimi Konrad Zuse 1943-1945-ci illərdə yaratmış və Plankalkül adlandırmışdır. Bu dil dünyada ilk yüksək səviyyəli proqramlaşdırma  dili hesab olunur.

Məruzəçi proqramlaşdırmanın əsas üsullarına prosedurlu, məntiqi, obyekt yönümlü, paralel və ssenarili proqramlaşdırmaların daxil olduğunu qeyd edib. Həmçinin proqramlaşdırma və yeni texnologiyalar (Big data, Data science, Cloud computing və s.) haqqında məlumat verib. Proqramlaşdırma dillərinin 2016-cı il üçün reytinqini də təqdim edərək Java, C və C++ proqram dillərinin müvafiq olaraq 1, 2 və 3-cü yerləri bölüşdürdüyünü deyib.

Ş.Mahmudova, müasir proqramlaşdırma dilləri, proqramlaşdırma dillərinin problemləri və Azərbaycanda proqramlaşdırmanın vəziyyətindən də ətraflı söz açıb, proqramçılar haqqında bəzi maraqlı statistik məlumatları diqqətə çatdırıb.

Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı