İnformasiya cəmiyyətinin əsas həlqələrindən biri də məhz media sektorudur Oktyabr 03, 2016 | 12:51 / Müsahibələr, çıxışlar

İnformasiya cəmiyyətinin formalaşdığı qlobal mühitdə və onun milli seqmentlərində informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm tərkib hissəsinə çevrilir. Bu, insan fəaliyyətinin bütün sferalarında informasiyanın rolunun artması, onun ən dəyərli əmtəəyə çevrilməsi ilə, eyni zamanda, real, fiziki mühitdəki bütün ictmai münasibətlərin və proseslərin rəqəmsal, virtual mühitə transformasiyası ilə bağlıdır.

Bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun “İnternetşünaslıq problemləri” sektorunun müdiri Rasim Mahmudov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilmiş “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində  rolu” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı səsləndirib. “Mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu” mövzusuna həsr edilmiş paneldə “Yeni media və informasiya təhlükəsizliyi problemləri” mövzusunda məruzə edən R.Mahmudov  bu gün bütün dünyada informasiya-kommunikasiya texnologiyalarının (İKT), xüsusən, İnternetin təsiri ilə qlobal rəqəmsal mühitin, virtual münasibətlərin formalaşması və inkişafı prosesinin getdiyini vurğulayıb.  Virtual münasibətlərə keçidin bəşəriyyətə gətirdiyi üstünlüklərlə yanaşı, bir sıra problemlərə də yol açdığını vurğulayan məruzəçi bu situasiyada yeni davranış qaydalarına, nizamlama üsullarına və vasitələrinə ciddi ehtiyac duyulduğunu bildirib.

Onun sözlərinə görə, informasiya cəmiyyətinin, informasiya iqtisadiyyatının əsas həlqələrindən biri də məhz media sektorudur. İKT-nin, o cümlədən İnternetin və mobil telefonların yaratdığı imkanlar hesabına informasiya cəmiyyətində medianın rolu, inkişaf tendensiyaları, təsir imkanları daha da artmışdır. Belə bir şəraitdə sənaye cəmiyyətinin məhsulu olan ənənəvi media ciddi transformasiyaya uğrayaraq, yerini daha çevik, dinamik, interaktiv və əlyetərli olan yeni mediaya verməkdədir. İstənilən yeni media vasitəsi qlobal informasiya mühitinin bir parçasına çevrilir, bu mühitdə yeni media vasitələrinin də üzərinə mühüm məsuliyyət düşür.

“Qlobal media mühitinin milli sərhədləri mövcud olmadığına görə informasiya psixoloji-təhlükəsizliyin təmin olunmasının siyasi və hüquqi aspektləri aktuallıq kəsb edir”, - deyə bildirən məruzəçi qeyd edib ki, xüsusən, sosial medianın auditoriyasının daha geniş olması insanlara informasiya-psixoloji təsir imkanlarını daha da artırır. Belə bir şəraitdə uşaq və yeniyetmələr əsas hədəf obyektlərinə çevrilirlər. Bu cür halların qarşısının alınması üçün, xüsusən, valideynlərlə təhsil müəssisələri arasında səmərəli əməkdaşlığın həyata keçirilməsi çox vacibdir.

İnformasiya təhlükəsizliyinin təmin olunmasında insan faktorunun rolunun həlledici olduğunu deyən R.Mahmudov vurğulayıb ki, yeni medianın xüsusiyyətləri informasiya cəmiyyətinin jurnalistindən informasiya təhlükəsizliyi ilə bağlı biliklərə malik olmağı tələb edir. O cümlədən ali təhsil müəssisələrində yeni media üçün jurnalist kadrlar hazırlanarkən, informasiya təhlükəsizliyi ilə bağlı tədris proqramlarının tətbiq edilməsi günün tələbidir.

Paneldə, həmçinin Argentinanın Telam Milli Xəbər Agentliyinin prezidenti Rodolfo Pousa, AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov, Qırğız Respublikasının İctimai Teleradio Korporasiyasının Baş direktoru İlimbek Karıpbekov, slovakiyalı jurnalist, “International Habitat for Humanity” təşkilatının əməkdaşı Yekaterina Bezgaçina, Xorvatiya Respublikasının sabiq Prezidenti İvo Josipoviç və digərləri məruzələrlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı