“Google” şirkəti insanların rifah halının yüksəlməsi üçün öz innovativ layihələrini təqdim etməkdə davam edir. Belə ki, şirkət “ağıllı linzalar”ın hazırlanması üzərində işlər aparır. Onu adi kontakt linzalardan fərqləndirən cəhət linzanın iki şəffaf layı arasında olduqca kiçik naqilsiz çip və qlükoza sensorunun yerləşdirilməsidir. Şəffaf sfera isə göz yaşında qlükozanın dərəcəsini təyin edir.
Şirkətin bildirdiyinə görə, kontakt linza qlükozanın səviyyəsi haqqında məlumatları hər saniyə "oxumaq" qabiliyyətinə malikdir. Hazırda insana onun qanında qlükozanın çox aşağı və ya yüksək səviyyədə olduğu haqda informasiya verəcək miniatür LED-sensorların inteqrasiyası üzərində işlər aparılır. “Google” bu istiqamətdə hələ çox işlərin görülməli olduğunu, hələlik texnologiyanın gündəlik istifadə üçün hazır olmadığını bəyan edib: “Bir neçə kliniki test və praktiki tədqiqatlar başa çatıb. Lakin irəlidə çox iş var. Ümid edirik ki, bu, nə vaxtsa şəkərlə mübarizə üçün yeni metodların yaranmasına gətirib çıxaracaq”.
Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, 2035-ci ilədək qanda şəkərin səviyyəsinin tənzimlənməsi problemi ilə planetin təxminən 10 %-i üzləşəcək.
cybersecurity.ru saytının məlumatına görə, şirkət həmçinin xəstənin qanında şəkərin səviyyəsinin kritik həddə çatması barədə həkimi operativ məlumatlandıracaq proqram təminatının da layihəsini hazırlayır.