Mayın 14-də AMEA İnformasiya Texnologiyaları İnstitutunda Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II Respublika elmi-praktiki konfransı keçirildi. AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ölkənin müvafiq dövlət qurumları, ali təhsil müəssisələri və AMEA-nın elmi-tədqiqat institutlarının informasiya texnologiyaları (İT) sahəsi üzrə tədqiqatçıları və mütəxəssisləri, KİV nümayəndələri iştirak edirdilər.
Konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunmuş sərgi ilə öz işinə başladı.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Beynəlxalq Telekommunikasiya İttifaqının 150 illiyinə həsr olunan konfransı Azərbaycan elmi ictimaiyyəti üçün mühüm hadisə kimi qiymətləndirdi. Müasir dövrün qlobal informasiya cəmiyyətinin ən aktual elmi problemlərindən biri olan və multidissiplinar xarakter daşıyan informasiya təhlükəsizliyinin müzakirəsi üçün İT sahəsi üzrə aparıcı alim və mütəxəssislərin bir araya toplaşması baxımından konfransın böyük əhəmiyyətə malik olduğunu və bu tədbirin ənənəvi hal almasının zəruriliyini vurğuladı.
1865-ci ilin may ayının 17-də əsası qoyulmuş Beynəlxalq Telekommunikasiya İttifaqının öz fəaliyyəti ilə dünyada bəşəriyyətin ən çox ehtiyac duyduğu sahələrdən biri olan kommunikasiya mühitinin formalaşması və inkişafına xidmət etdiyini, 2006-cı ildə BMT tərəfindən bu təşkilatın yaranma tarixinin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi təsis edildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu təşkilat müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən İnternetin inkişafında, qlobal informasiya cəmiyyətinin formalaşması və onun təhlükəsizliyinin təmin edilməsində, bu sahədə inkişaf konsepsiyaları, model qanunlar, standartlar və digər tənzimləmə mexanizmlərinin işlənib hazırlanmasında mühüm rol oynayır.
A.Əlizadə Azərbaycanın da Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olduğunu və bu qurumla əməkdaşlıq əlaqələrinə böyük diqqət göstərildiyini qeyd etdi.
Akademik Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün builki mövzusunun “Telekommunikasiya və İKT: innovasiyaların hərəkətverici qüvvələri” olduğunu bildirdi. Mövzunun aktuallığını önə çəkərək İKT sektorunun inkişafının və informasiya cəmiyyətinin bərqərar olmasının məhz səmərəli innovativ fəaliyyətdən asılı olduğunu, eyni zamanda İKT-nin imkanlarından istifadə etmədən innovativ inkişafa nail olmağın qeyri-mümkünlüyünü vurğuladı.
Bəşəriyyətin gələcəyinin İKT-nin imkanlarına əsaslanan innovativ inkişafla bağlı olduğunu söyləyən alim “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsinin əsas hədəflərdən olduğunu nəzərə çatdırdı. Bu hədəfə çatmaq üçün isə təhlükəsiz informasiya cəmiyyəti və biliklər iqtisadiyyatının formalaşması, elmtutumlu texnologiya, məhsul və xidmətlərin yaradılması proseslərinin sürətləndirilməsinin vacibliyini dilə gətirdi.
AMEA prezidenti, həmçinin “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da informasiya təhlükəsizliyinin təmin olunmasına xüsusi yer ayrıldığını bildirdi. Qeyd etdi ki, ölkəmizdə bu məsələ ilə bağlı AMEA-nın qarşısında mühüm vəzifələr dayanır və akademiyada informasiya texnologiyalarının bir istiqaməti olan informasiya təhlükəsizliyinin elmi-nəzəri problemlərinin araşdırılmasına, bu sahə üzrə elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirilir.
Alim AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli İnternet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan AzScienceNet elm-kompüter şəbəkəsindən söz açaraq onun fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz informasiya təhlükəsizliyi ilə bağlı olduğunu nəzərə çatdırdı.
Yaxın zamanda AzScienceNet-in GEANT təşkilatlarına üzv olmasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəyinin həlledici rol oynadığını söyləyərək hər iki nazirliyin rəhbərliyinə təşəkkür etdi.
“İnformasiya təhlükəsizliyi sahəsi üzrə elmi kadrların hazırlanması istiqamətində görülən tədbirlərdən biri də Heydər Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadasının keçirilməsidir. Hər il təşkil edilən bilik yarışının əsas məqsədi istedadlı tələbələrin informatika və proqramlaşdırma sahəsində gələcəyin mütəxəssisi olmasına dəstək verməkdir. Heç şübhəsiz ki, bu kimi müsabiqələrdə fərqlənən gənclərin əksəriyyəti bu sahə üzrə peşəkar kadr kimi formalaşırlar”, - deyə A.Əlizadə bildirdi.
Sonda akademik Azərbaycanda informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasına yönəlmiş konfransın əhatə dairəsinin gələcəkdə ölkə hüdudlarından kənara çıxmasını və beynəlxalq status almasını məqsədəuyğun hesab etdiyini söylədi.
Sonra Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov “İnformasiya təhlükəsizliyi sahəsində dövlət siyasəti” mövzusunda məruzə ilə çıxış etdi. İnformasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu və bu istiqamətdə məqsədyönlü işlər aparıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, informasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin, xüsusən də cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir.
Konfransın Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyinə həsr olunmasını önə çəkən Ə.Abbasov Azərbaycanın mayın 17-də Cenevrədə keçiriləcək BTİ-nin 150 illik yubileyində Qızıl Tərəfdaş kimi çıxış edəcəyini, ölkəmizin ittifaqın Şurasının üzvü olduğunu və bu qurumla əməkdaşlıq əlaqələrinin inkişafına böyük diqqət göstərildiyini vurğuladı.
Onun sözlərinə görə, müasir dövrdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin olunması həlli vacib məsələlərdən biridir. İnformasiya təhlükəsizliyi, şəxsi informasiyanın məxfiliyi, internet mühitində söz azadlığı problemlərinin tənzimlənməsi məqsədilə beynəlxalq konvensiyaların qəbul olunmasının vacibliyini qeyd edən Ə.Abbasov kiberhücumların qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.
Dövlətin kibertəhlükəsizlik məqsədilə tədqiqatlar aparılmasına böyük üstünlük verdiyini söyləyən akademik AMEA-nın bir sıra institutlarında bu istiqamətdə işlər aparıldığını vurğuladı.
Nazir həmçinin bildirdi ki, internetdən istifadənın sürətlə artdığı bir dövrdə kibertəhdidlər qaçılmazdır. O, hər həftə 2 min kompüterin virusa yoluxduğunu qeyd edərək Azərbaycanda hər il kiberhücumların həcminin 30 faiz artığını diqqətə çatdırdı. “Bütün bunlar informasiya cəmiyyətini kibertəhlükəsizliyi, informasiya təhlükəsizliyini daha da möhkəmləndirməyə vadar edir. Azərbaycan da qlobal məkanın fəal iştirakçılarından biri kimi bu istiqamətdə həyata keçirdiyi qabaqlayıcı tədbirləri intensivləşdirib. Bir müddət sonra ölkəmiz qlobal idman tədbirinə ev sahibliyi edəcək. İlk Avropa Oyunlarının təşkilində ən əhəmiyyətli məsələlərdən biri də informasiya təhlükəsizliyinin tam təmin olunmasıdır. Biz bu istiqamətdə bütün səylərimizi səfərbər etmişik”, - deyə nazir qeyd etdi.
Daha sonra Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək konfransın mühüm əhəmiyyətə malik olduğunu söylədi. Bildirdi ki, müasir dövrün ən aparıcı sahələrdən biri olan İT-nin inkişaf etdirilməsi hər bir ölkənin əsas hədəflərindəndir.
F.Qurbanovun sözlərinə görə, Azərbaycanda informasiya texnologiyalarına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Dövlət başçısı İlham Əliyevin göstərişlərində, sərəncam və çıxışlarında, dövlət sənədlərində İT ölkənin prioritet sahəsi kimi öz əksini tapmışdır.
Nazir müavini Azərbaycanda İT-nin inkişafının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirdi. Qeyd etdi ki, hələ 1971-ci ildə İnformasiya Texnologiyaları İnstitutunun əsasının qoyulması bu sahənin inkişafına xüsusi önəm verildiyini göstərir. O, İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatların və burada formalaşan elmi kadrların bu sahənin inkişafında əvəzolunmaz rol oynadığını vurğuladı.
Bu sahənin sürətli inkişafını təmin etmək üçün müvafiq kadrların hazırlanmasına ehtiyac olduğunu önə çəkərək Təhsil Nazirliyi tərəfindən informasiya texnologiyaları sahəsinə xüsusi diqqət yetirildiyini və bu istiqamətdə tədbirlər görüldüyünü diqqətə çatdırdı.
Azərbaycan Milli elmlər Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə bu kimi birgə tədbirlərin keçirilməsinin zəruriliyini dilə gətirdi.
Daha sonra AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “XXI əsrin informasiya təhlükələri və onlarla mübarizə strategiyaları” adlı məruzəsini təqdim etdi.
Bildirdi ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən başlayaraq bəşəriyyət qarşısında mövcud olan təhlükələrin sırasına informasiya təhlükələri də daxil olmuşdur. Bu qısa zaman intervalında internetin bəşəri dəyərlərinin formalaşması və kristallaşması olduqca çətin prosesdir. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, elmi ictimaiyyətin də fəal iştirak və müdaxiləsi tələb olunur.
Alimin sözlərinə görə, informasiya texnologiyalarının inkişafı cəmiyyətin həyatının demək olar ki, bütün sahələrində yalnız müsbət deyil, həm də mənfi nəticələr doğurur. Bu səbəbdən informasiya təhlükəsizliyi məsələsinə qlobal problem kimi yanaşmaq və informasiya təhlükələri ilə mübarizəyə hazır olmaq zəruridir.
Akademik qeyd etdi ki, Azərbaycanda dövlətin informasiya siyasətinin əsasları ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun strateji vəzifələri, istiqamət və resursları müəyyən edilmişdir. İnkişafın yeni mərhələsində AR Prezidenti İlham Əliyev informasiya təhlükəsizliyi siyasətini yüksək səviyyədə davam etdirərək onu təmin edən çoxşaxəli amillərə xüsusi yer ayırmışdır. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın da əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan dövlətin və cəmiyyətin inkişafı üçün səmərəli istifadə edilməsidir.
R.Əliquliyev informasiya təhlükələri ilə mübarizə aparılması üçün müdafiə mexanizmlərinin yaradılmasının zəruriliyini vurğuladı. Bildirdi ki, ölkə səviyyəsində qurulan milli strategiya informasiya təhlükəsizliyi sisteminin ən mühüm alt sistemlərindən biri də böyük imkanlara malik CERT şəbəkəsidir. Ölkə üzrə rast gəlinən təhlükələr haqqında bilgilər CERT çərçivəsində bir yerə toplanmalı, analiz edilməli, araşdırılmalı və onlara qarşı mexanizmlər təklif olunmalıdır.
Alim informasiya təhlükələrinə qarşı ən səmərəli strategiyalardan birinin vətəndaşlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması olduğunu qeyd etdi: bunun üçün informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığına xüsusi diqqət ayrılmalı, Azərbaycan dilində kitab və dərsliklər hazırlanmalı, müntəzəm olaraq konfranslar, seminarlar, dəyirmi masalar təşkil olunmalı, kütləvi təbliğat aparılmalıdır.
O, həmçinin informasiya təhlükəsizliyi sahəsində multidissiplinar problemlərin araşdırılması və bu sahədə formalaşmış normativ-hüquqi bazanın təkmilləşdirilməsi zəruriyyətini dilə gətirdi.
“Real dünyanın virtual problemləri, virtual dünyanın isə real problemləri həllini gözləyir”, - deyə bildirən R.Əliquliyev nitqinin sonunda İKT sahəsində mövcud olan elmi problemlərin həlli üçün ölkənin bütün alim və mütəxəssislərini, elmi qurumlarını birgə əməkdaşlığa səslədi.
Plenar iclasda həmçinin Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov və digərləri çıxış etdilər.
Daha sonra “Ali məktəb tələbələri arasında informatika üzrə X ümumrespublika olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirildi. Qaliblərə qiymətli hədiyyələr təqdim olundu.
Konfrans 3 paralel seksiya iclasında davam etdirildi. “İnformasiya təhlükəsizliyinin humanitar problemləri” seksiyası üzrə “İnformasiya təhlükəsizliyinin humanitar aspektləri”, “Milli təhlükəsizlik və internet azadlığı, “Azərbaycan dili çoxdilli İnternet mühitində”, “Kibercinayətlərlə mübarizə: çətinliklər və imkanlar”, “İnformasiyanın neqativ təsirləri və onların aradan qaldırılması yolları”, “Kibermünaqişələrin yaratdığı problemlər və onların həlli yolları”, “E-dövlətin informasiya təhlükəsizliyi” seksiyası üzrə “E-dövlət mühitində terrorizmlə əlaqəli mətnlərin aşkarlanması metodu”, “AzScienceNet elm-kompüter şəbəkəsinin İnternet xidmətlərinin təhlükəsizliyi məsələləri”, “E-dövlət üçün bulud texnologiyaları əsasında mobil elektron imza”, “Elektron elmin informasiya təhlükəsizliyi haqqında”, “İnformasiya təhlükəsizliyinin təmin edilməsi texnologiyaları” seksiyası üzrə “İnformasiya təhlükəsizliyinin təmin olunmasında biometrik texnologiyaların rolu”, “Big Data texnologiyalarının təhlükələri”, “İnternet domen infrastrukturunun təhlükəsizliyi - DNSSEC texnologiyası” və s. kimi informasiya təhlükəsizliyinin müxtəlif istiqamətlərində aktual məsələləri əhatə edən məruzələr dinlənildi.
Qeyd edək ki, konfransa ölkənin müxtəlif dövlət, elm və təhsil müəssisələrindən 74 elmi məruzə təqdim olunmuşdur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.