“Microsoft” şirkəti altı ay davam edən sınaqlardan sonra “Windows” istifadəçilərinə “Skype Translator” (real vaxt rejimində səsli zənglər və mətn mesajlarını tərcümə etməyə imkan verən proqram) quraşdırmaq imkanı verib.
ictnews elektron xəbər xidmətinin məlumatına görə, “Skype Translator” proqramının ispan və ingilis dillərinin tərcüməsinə imkan verən ilk sınaq relizi 50 min istifadəçi üçün əlçatan olub. Mayın 12-də “Microsoft” korporasiyası tərəfindən proqrama italyan və çin dilləri əlavə edilib.
“Skype Translator” mətn mesajlarını 44 müxtəlif dilə tərcümə edə və onlayn rejimdə öyrənə bilər: səsi tanımaq, nitqi təhlil etmək, istifadəçinin aksenti və tez-tez istifadə etdiyi sözlər və s.
Şirkət ilk dəfə 2012-ci ildə bu funksiyanı nümayiş etdirib.
Qeyd edək ki, yalnız “Windows” istifadəçiləri (“Windows 8” və ya “Windows 10” versiyaları) “Skype Translator” proqramının sınaq versiyasını istifadə edə bilər.