“BioBots” şirkəti mayın 6-da Nyu-Yorkda keçirilmiş “TechCrunch Disrupt” konfransında 100 mikron ölçüyə imkan verən canlı hüceyrələr çap edən 3D-printeri təqdim edib. Printer orqanları bütöv halda hazırlamaq gücünə malik olmasa da, tibbdə və elmi araşdırmalarda böyük üstünlüklər təklif edir.
Əvvəllər “Makerbot” və “RepRap” 3D-printerləri sayəsində istənilən detalların modelləşdirilməsi üzrə maliyyə xərcləri azaldılmışdı. “BioBots” printerinin ixtirası yaxın gələcəkdə dərmanların sınaqdan keçirilmə müddətini minimuma endirə, transplantologiyanı isə tamamilə dəyişdirə bilər.
“BioBots” donor orqanlarını çap etmək gücünə malik deyil, lakin onunla çap edilmiş hüceyrələri ənənəvi olaraq laboratoriya heyvanlarında aparılan bir çox sınaqlarda istifadə etmək olar.
Əczaçı, toksikoloq və digər tədqiqatçılar uzun müddətdir ki, yeni preparatların insan bədəninin hüceyrələrinə təsirini öyrənmək üsulunu axtarırdılar. Bu baxımdan canlı hüceyrələrin, daha sonra isə orqanların 3D-çapı ən perspektivli yanaşma hesab olunur.
Bioprinter səhiyyə sahəsində texnologiya startapları olan “DreamIt Health”-in dəstəyi ilə ABŞ-ın Pensilvaniya Universitetinin məzunları Denni Kabrera və Rikardo Solorzano tərəfindən hazırlanıb. Yeni printer 5 min ABŞ dolları dəyərindədir.
Polad çərçivədə idarəetmə bloku, çap üçün başlıq, idarə olunan altlıq və kartriclər dəstindən ibarət olan bioprinter müxtəlif biomateriallarla çap edə bilmək xüsusiyyətinə malikdir.
İstehsalçılar “Organovo” firmasını və bioçap metodlarını təkmilləşdirən “EnviroTec” şirkətini əsas rəqib olaraq görürlər. Lakin “BioBots”un dəyəri analoji qurğulardan dəfələrlə aşağıdır.