AMEA-nın illik Ümumi yığıncağında İnformasiya Texnologiyaları İnstitutunun stendi nümayiş olunub

30 Aprel 2015 - 15:16 | Mühüm hadisələr

Aprelin 29-da AMEA Rəyasət Heyətində AMEA-nın 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, dövlət və ictimai təşkilatların nümayəndələri və KİV nümayəndələri iştirak edirdilər.

Öncə iştirakçılar akademiyanın institut və elmi-tədqiqat müəssisələrinin elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Sərgidə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əsas fəaliyyət istiqamətlərini əks etdirən stend də nümayiş etdirilib.

Stenddə 2014-cü il ərzində institutda “Data Mining” və “Big Data” texnologiyaları, informasiya təhlükəsizliyi, bulud texnologiyaları, biometrik texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları, sensor və Ad Hoc şəbəkələri, linqvistik  informasiya  texnologiyaları, proqram mühəndisliyi, e-tullantılar problemi, audio informasiya texnologiyaları, süni intellekt və sosioinformasiya texnologiyaları, intellektual informasiya sistemləri, təhsilin informasiyalaşdırılması, viki-mühitin tədqiqi, e-dövlət quruculuğu problemləri, e-elm problemləri, e-tibb problemləri, informasiya iqtisadiyyatı, internetin multidissiplinar problemləri və s. istiqamətlərdə aparılmış elmi-tədqiqatların nəticələrini əks etdirən əsər və kitablar, jurnal və bukletlər, impakt-faktorlu jurnallarda dərc edilmiş elmi məqalələr öz əksini tapıb.

Həmçinin institutun elmi-innovasiya fəaliyyəti, Tədris-İnnovasiya Mərkəzi, AzScienceNet elm kompüter şəbəkəsi və E-kitabxana Mərkəzinin fəaliyyəti, beynəlxalq elmi  əməkdaşlıq, elmi-təşkilati fəaliyyət üzrə görülən işləri təqdim edən video çarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.