ABŞ-ın Northwestern Universitetinin professoru Oliver Kossert rəhbərlik etdiyi tədqiqat qrupu ilə birlikdə qiyməti yüksək olmayan, keyfiyyətli təsvir əldə etməyə imkan verən, həmçinin istənilən şəraitdə işləmək qabiliyyətinə malik Motion Contrast 3D (MC3D) kamerasını hazırlayıb.
Əvvəlki nəsil kontrollerlər müəyyən işıq obrazlarını əks etdirərək işləyir. İxtisaslaşdırılmış alqoritmlər isə üçölçülü təsvirin hər bir pikselini hesablayır. Bu üsul kifayət qədər sürətli olsa da, skan texnologiyalarının bir lazer şüası ilə verdiyi dəqiqliyi təmin edə bilmir.
Yeni üçölçülü kamera həmin metodla yanaşı, bir lazer şüası ilə işləyən skan texnologiyasından istifadə edir. MC3D insan gözünün iş prinsipinə əsaslanaraq modelləşdirilmişdir ki, bu da yüksək sürətli və keyfiyyətli təsvirin əldə olunmasına imkan verir.
“İnsan uzun müddət eyni təsviri gördükdə neyronlar beyinə siqnal verməyi dayandırır. Müəyyən dəyişiklik olduqda isə xəbərdarlıq etməyə başlayır. Bu prinsip yeni üçölçülü kameranın yaradılması prosesində də faydalı olub”, - deyə Oliver Kossert bildirib.
MC3D-nin istehsalçılarının fikrincə, kamera yalnız əyləncə üçün deyil, elm, sənaye, ümumiyyətlə keyfiyyətli üçölçülü təsvirin tələb olunduğu hər sahədə tətbiq oluna bilər. Buraya robot texnikası, bioinformatika və bir sıra digər sahələr daxildir.