Tənha təqaüdçülərin həmsöhbəti robotlar olacaq

20 Aprel 2015 - 09:00 | Maraqlı məlumatlar
Tənha təqaüdçülərin həmsöhbəti robotlar olacaq

“Skolkovo” İnnovasiya Mərkəzindən olan alimlər tənha təqaüdçülər üçün maraqlı həmsöhbət və xəbərlərlə bölüşən robotu təqdim ediblər. “Известия” qəzetinin yazdığına görə, xarici görünüşcə futbol topunu xatırladan robot şeir deyə və lətifələr danışa bilir. Robotla həmçinin şahmat da oynamaq olar. “Skolkovo”da bazalaşan “Leksi” şirkətinin məhsulu bundan əlavə, bəzi məişət cihazlarını da idarə edə bilir.

Robotdan tənha təqaüdçülər üçün kompanyon qismində istifadə olunacaq. Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Leonid Peçatnikovun sözlərinə görə, paytaxt meriyası ixtiranı yaxın gələcəkdə sınaqdan keçirməyə hazırdır. İlk 10 robotu Moskva psixoloji yardım xidmətinin mərkəzlərində yerləşdirmək planlaşdırılır ki, burada yaşlı insanlar onları pulsuz icarəyə götürə bilərlər.

Xüsusi olaraq tənha insanlar üçün nəzərdə tutulmuş bu cihaz 6 aya ərsəyə gəlib. Layihənin baş direktoru Dmitri Suvorov bildirib ki, robot insani keyfiyyətlərə də malikdir, o, inciyə, qəzəblənə və sevinə bilir. 

Hazırda robotlar faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı tədbirlərə “hazırlaşır”, müharibə haqqında şeirlər “öyrənirlər”.