ABŞ-da 100 il fəaliyyət göstərəcək və bu müddət ərzində aktuallığını itirməyəcək kompüter yaradılır. Bu haqda ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) bəyan edib. Agentlik proqram təminatı yenilənmədən 100 il fəaliyyət göstərə biləcək hesablama sisteminin işlənməsi üzrə layihəyə başlandığını açıqlayıb.
Sistem yeni tip məlumatlara və iş şəraitinə adaptasiya edilməklə proqram alqoritmlərini modifikasiya edəcək. newsru.com saytı xəbər verir ki, “Building Resources Adaptive Software Systems” (BRASS) layihəsi dörd ilə ərsəyə gələcək. Layihə iştirakçıları vaxtlarını sistemin uzunmüddətli fəaliyyəti üçün lazım olan aparat, proqram resursları və verilənlərə olan tələblərin müəyyənləşdirilməsinə həsr edəcək.
Layihə çərçivəsində DARPA resurslardakı dəyişikliklərə dinamik adaptasiya edilə bilən proqram komplekslərinin tətbiqi konstruksiyası və metodlarında tərəqqiyə nail olmağı planlaşdırır.
Qeyd olunur ki, yeni fəaliyyət şəraitinə çevik uyğunlaşmaq bacarığının olmaması məhsuldarlığı azaldır, kibertəhlükəsizlik infrastrukturunun inkişafına mane olur və mühüm rəqəmsal informasiyaya çıxışın itmə riskini artırır, çünki məlumatları generasiya edən və aydınlaşdıran proqram təminatı köhnəlir.
DARPA nümayəndələri bildiriblər ki, proqram alqoritmləri dəyişikliklərə proqramçılar cəlb olunmadan sərbəst şəkildə transformasiya edilmək və uyğunlaşmaq funksiyası ilə təchiz ediləcək.
BRASS layihəsinin həyata keçirilməsi üçün xərclər 8-10 milyon dollar məbləğində qiymətləndirilir.