“Google” şirkəti rouminq xidmətlərindən istifadə zamanı dünyanın istənilən ölkəsində eyni tariflə çalışan qlobal mobil şəbəkə operatorunun yaradılması üçün Honkonqun “Hutchison Whampoa” şirkəti ilə danışıqlar aparır.
Şirkət nümayəndələrinin bildirdiyinə görə, bu operator fəaliyyətə başlayarsa, abunəçilərin xarici ölkələrdə zənglər, ismarıclar və ya məlumatların ötürülməsinə görə əlavə ödəniş etmək problemi aradan qaldırılacaq.
“Google”-un tərəfdaşı kimi dünya telekommunikasiya bazarının liderlərindən biri - Böyük Britaniya, Honkonq, İndoneziya, Şri-lanka, İtaliya, İsveç və s. ölkələrdə şəbəkəsi olan “Hutchison Whampoa” holdinqi çıxış edir.
Danışıqlar müsbət nəticə verərsə, ən iri mobil operatorlar beynəlxalq rouminq anlayışının dəyişilməsi ilə nəticələnəcək addımlar atmağa məcbur olacaqlar.
hitech.newsru.com saytının məlumatına görə, xidmət əvvəlcə ABŞ-da əlçatan olacaq. Digər ölkələrdə ödənişsiz rouminq xidmətlərinin tətbiq olunması haqqında məlumat verilmir.