Fərdi kompüterlər bazarı üçün "qara il"

10 Yanvar 2014 - 11:01 | Texnoloji yeniliklər

“IDC” və “Gartner” analitik şirkətlərinin illik hesabatlarının nəticələrinə görə, 2013-cü il fərdi kompüterlər (FK) bazarı üçün sözün əsl mənasında “qara il” kimi yadda qalıb. Hər iki şirkət bazar məhsuldarlığı üzrə müxtəlif hesablama metodlarından istifadə etsələr də, təxminən eyni nəticəyə gəliblər. Məlum olub ki, 2013-cü ildə FK bazarı 10% zəifləyib ki, bu da son on il ərzində ən pis göstəricidir. Belə ki, istehlakçılar əsasən smartfon və planşetlərə üstünlük verərək yeni FK və noutbukların bazar paylarını azaldıblar. 

cybersecurity.ru saytının məlumatına görə, 2013-cü ildə bütün dünyada cəmi 315,9 milyon yeni FK və noutbuk satılıb. Beləliklə, ötən il, kompüter bazarı monitorinqinin tarixinə ən uğursuz il kimi yazılıb. 

Gartner bildirir ki, Amerikanın FK bazarında dördüncü rüb üzrə satışlar 7,5% azalaraq 15,8 milyon ədəd olub. Avropa, Yaxın Şərq və Afrika ölkələrində isə 6,7% azalma (25,8 milyon) müşahidə olunub.