Hazırda mobil telefonlardan istifadə gündəlik həyat normasına çevrilib. Bu cihaz vasitəsilə insanlar bir-birilə əlaqə saxlayır, musiqiyə qulaq asır, şəkil və video çəkir, qlobal şəbəkənin imkanlarından yararlanır, eyni zamanda müxtəlif çeşidli xidmətlərdən istifadə edirlər. Həyatımızın ayrılmaz parçasına çevrilən bu mükəmməl ixtiranın müəllifi amerikalı alim Martin Kuperdir.
İlk mobil telefon prototipi 1973-cü ildə “Motorola Communications Systems Division” kompaniyasının meneceri Martin Kuper tərəfindən yaradılmışdır.
1973-cü ilin bu günü, yəni 3 aprelində ilk mobil telefon zəngi olunub. “Telefonun atası” adlandırılan 85 yaşlı Martin Kuper ilk dəfə olaraq mobil telefonla zəng etdiyini elan edib.
Telefon yalnız danışıq məqsədi ilə yaradıldığı üçün burada 12 düymə (10-rəqəmlər, 2-zənglərin yönləndirilməsi və dayandırılması) mövcud idi.
Martin Kuperin “DynaTAC” modelinin ölçüləri 22,5x12,5x3,75 sm, çəkisi 1,15 kiloqram təşkil edirdi. Sözügedən qurğuda ümumilikdə 2 min detal var idi. Onun akkumulyatoru isə cəmi 20 dəqiqə danışıq üçün kifayət edirdi.