Yeşiva Universitetinin Albert Eynşteyn adına Tibb Kollecinin (ABŞ) alimləri dəridəki yara və yanıqların sağalma prosesinin sürətini iki dəfə artırmağa imkan verən nanozərrəciklər hazırlayıblar. Yüksək nəticələr göstərmiş bu metodika gəmiricilər üzərində sınaqdan keçirilib.
dailytechinfo.org saytının məlumatına əsasən, tezliklə primat heyvanlar, dərisi insan dərisinə olduqca bənzəyən donuzlar üzərində də təcrübə aparılacaq.
Əgər bütün sınaqlar müsbət nəticə verərsə, bəşəriyyət cərrahi müdaxilələr, yanıqlar, kəsiklər və digər yaraların sağalma prosesini sürətləndirən vasitə əldə etmiş olacaq.
Aparılan tədqiqatlar nəticəsində alimlər sağalma prosesinin sürətini “Fidgetin-like 2 (FL2)” adlı fermentin azaltdığını aşkar ediblər. Onların gəldiyi qənaətə görə, bu fermentə süni metodla təsir etdikdə hüceyrələr daha tez hərəkət edir ki, bu da regenerasiya prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.
Qeyd edək ki, bu texnologiya artıq patentləşdirilib və lisenziya “MicroCures” şirkətinə verilib. Növbəti sınaqlar burada fəaliyyət göstərən mütəxəssislər tərəfindən həyata keçiriləcək və “sehirli” nanozərrəciklər əsasında dərman preparatlarının hazırlanması istiqamətində işlər aparılacaq.