“WhatsApp” yaxın həftələrdə “iPhone” üçün səsli zəngi dəstəkləyən rəsmi mobil tətbiq buraxmağı planlaşdırır. Bu haqda “F8” konfransında şirkətin həmtəsisçisi Brayan Ekton bildirib.
ictnews.az elektron xəbər xidməti bildirir ki, 2015-ci ilin əvvəlində “WhatsApp” “Android” üçün tətbiqin yeni versiyasında səsli zəng funksiyasının sınaqlarına başlayıb. Bu funksiya messencerə səsli və videozənglər təklif edən “Line”, “Skype” və “Viber” kimi xidmətlərlə rəqabət aparmağa imkan verəcək.
İstifadəçilər “WhatsApp”ın yeni mobil tətbiqinə quraşdırılmış “zənglər” funksiyasının köməyi ilə öz kontaktlarındakı istənilən nömrəyə zəng edə bilərlər. Əgər zəngi qəbul edən tərəf mobil tətbiqin son versiyasını quraşdırmayıbsa, bu problem deyil. Həm “Wi-Fi”, həm də mobil şəbəkələr vasitəsilə səsli zəng etmək olar.
Hazırda “WhatsApp” messencerində səsli zənglər rəsmi olaraq yalnız “Android” telefonlar üçün əlçatandır.
Qeyd edək ki, “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 700 milyonu ötüb. Aktiv auditoriya dedikdə ayda ən azı bir dəfə “WhatsApp” messencerindən istifadə edənlər başa düşülür.
Messencerin abunəçilərinin sayı çox sürətlə artır. Belə ki, 2013-cü ilin ortalarında təxminən 200 milyon insan bu messencerdən istifadə edib, 2014-cü ilin aprelinədək bu göstərici 500 milyonadək artıb və avqustda 600 milyon olub.