IBM korporasiyası öz eksperimental kompüteri olan Watson-un imkanlarından istifadə etməklə böyük və gəlirli biznes qurmağı planlaşdırır. Məqsədə çatmaq üçün şirkət 1 milyard dollar vəsait ayırıb.
Watson IBM-in nəzdində yaradılmış və analitik fəaliyyətə yönəlmiş superkompüterdir. O, böyük həcmli məlumatları təhlil edə, biliklərin sxemlərini qura və məntiqi qiymətləndirmə ilə məşğul ola bilir. Watson ilk dəfə, 2011-ci ildə Amerikanın Jeopardy teleşousunda nümayiş etdirilmişdir.
cybersecurity.ru saytının məlumatına görə, IBM şirkəti Watson-a qoyulmuş investisiyaların qaytarılması məqsədilə Watson Business Group adlı yeni bölmə təsis edib. Buraya müxtəlif sahələrdən 2500 proqramçı, tədqiqatçı və ekspert daxildir.
“2011-ci ildə Watson hələ öz imkanlarını reallaşdırmağa hazır deyildi. Artıq vaxt çatıb. Biz inanırıq ki, bu böyük texnoloji sıçrayış olacaq” - IBM-in rəhbəri Virciniya Romett belə deyib. O bildirib ki, kompüter insanın şəxsi təcrübəsinə əsaslanır, lakin onun mülahizələri daha dəqiqdir.
“Biz bu texnologiyanı yenidən işlədik və təkmilləşdirdik. Hazırda o, kifayət qədər böyükdür ki, bazasında ekosistem yaratmaq mümkün olsun", - IBM Watson-un texniki direktoru Robert Xay bu fikirləri səsləndirib. Qeyd edib ki, Watson-dan gələcəkdə bir çox sahələrdə, məsələn xəstələrə daha dəqiq diaqnoz qoymaq üçün səhiyyədə istifadə oluna bilər.