AMEA İnformasiya Texnologiyaları İnstitutunun martın 5-də keçirilmiş elmi seminarında institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev “Big Data” texnologiyalarının elmi-nəzəri problemləri haqqında məruzə ilə çıxış edib.
“Big Data”nin mövcud texnologiyalar, metodlar və alqoritmlərin köməyilə toplanılması, saxlanılması, analizi və vizuallaşdırılması çətin və ya mümkün olmayan verilənlər çoxluğu olduğunu söyləyən alim “Big Data”nin mövcud problemləri, əsas istiamətləri, gətirdiyi imkanlardan söz açıb.
Bildirib ki, 39 milyon tədqiqatçı, 17 milyon məqalə arasında ARNETMİNER elmi sosial şəbəkəsi tərəfindən aparılmış araşdırmalara əsasən, kompüter elmləri sahəsində fəal tədqiq olunan əsas elmi istiqamətlər - verilənlərin intellektual analizi (Data Mining), maşın təlimi (Machine Learning), sosial şəbəkə (Social Network), dərin təlim (Deep Learning) müəyyənləşdirilmişdir. R.Aliquliyev AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Big Data”nin qeyd olunan istiqamətlərindən hər biri ilə bağlı araşdırmaların aparıldığını vurğulayıb.
Alim 2015-ci ilin ən yüksək strateji texnologiyaları haqqında məlumat verərək bu texnologiyalar sırasında “Hər yerdə hesablama”, “Əşyaların İnterneti”, “3D çap”, “Mükəmməl, mobil, görünməz analitika”, “Kontekst cəhətdən zəngin sistemlər”, “Ağıllı” maşınlar”, “Bulud/kliyent arxitektur”, “Proqramla müəyyən olunan infrastruktur və tətbiqlər”, “Veb miqyaslı informasiya texnologiyaları” və “Riskin qiymətləndirilməsinə əsaslanan təhlükəsizlik və özünü mühafizə” və s.-nin yer aldığını dilə gətirib.
Məruzəçi verilənlərin toplanması və saxlanılması, ötürülməsi, aşkarlanması, axtarışı, keyfiyyətinin təmin olunması, təkrar istifadəsi, analizi və vizuallaşdırılması kimi “Big Data problemlərinə kommersiya və biznes, elmi-tədqiqatlar və digər sahələrdə rast gəlindiyini söyləyib.
O, həmçinin “Big Data Mining” metodları və texnologiyaları, bu sahədə mövcud problemlər, “Big Data” sistemlərinin layihələndirilməsinin əsas prinsipləri, böyük verilənlərin araşdırılması istiqamətində fəaliyyət göstərən elmi mərkəzlər, tədqiqatçılar, nəşr olunan jurnallar, kitablar və keçirilən konfranslar, “Big Data” məhsulları istehsal edən şirkətlər haqqında məlumat verib.
Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.