İnstitutun doktorantı böyük həcmdə verilənlərin emalı vasitələri haqqında məruzə ilə çıxış edib

06 Mart 2015 - 15:00 | Konfranslar, İclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun doktorantı, texnika üzrə fəlsəfə doktoru Gülarə Muradova institutun elmi seminarında məruzə ilə çıxış edib.

“Big Data tətbiqinin aktuallığı və böyük həcmdə verilənlərin emalı vasitələri” mövzusunda məruzəni təqdim edən G.Muradova“Big Data” texnologiyalarının tətbiq sahələri, paylanmış hesablamalar üçün platforma olan “Apache Hadoop”, eləcə də “Map.Reduce” texnologiyasının mahiyyəti haqqında məlumat verib.

“Big Data” texnologiyalarının istifadə olunduğu sahələrdən söz açan məruzəçi geologiya, e-hökumət, sosial şəbəkələrin analizi, təbabət, bankçılıq və digər sahələrdə geniş tətbiq olunduğunu dilə gətirib. Qeyd edib ki, “Big Data”ni analiz etməklə yüksək elmi nailiyyətlər, idarəetmə və biznes fəaliyyətində qazanc əldə etmək mümkündür.

“Big Data”nin tibbi aspektdən analitikası səhiyyə sistemində əsaslı dəyişikliklərə imkan verir”, - deyə bildirən araşdırma müəllifi böyük verilənlər vasitəsilə elektron qeydiyyat kartlarının analizinin səhiyyə mərkəzlərində ölüm hallarının sayının 20 faiz azalmasına səbəb olduğunu söyləyib.

“Big Data”dən istifadə etməklə hadisələrə operativ və dəqiq reaksiya göstərmək və düzgün qərar verməyin mümkünlüyünü ifadə edən G.Muradova bu texnologiyalardan böyük verilənlərin analitikası problemlərinin tədqiqi, analizi və s. mövzular üzrə elmi-tədqiqat işlərinin aparılmasında istifadə olunmasının yüksək nəticələr verəcəyini diqqətə çatdırıb.

Paylanmış hesablamalar üçün əsas platformalar olan “Apache Hadoop” və “Map.Reduce” texnologiyaları haqqında məlumat verən G.Muradova bildirib ki, əsasən iki qatdan - Emal / Hesablama qatı (Map.Reduce) və Saxlama qatından (Hadoop Distributed File System) ibarət olan Hadoop sadə proqramlaşdırma modellərindən istifadə edərək kompüter qrupları arasında iri həcmli verilənləri paylamağa və emal etməyə imkan verir. Onun sözlərinə görə, Hadoop tətbiqi proqramları kompüterlər arasında iri həcmli verilənlərin bölüşdürülüb saxlanması və hesablanması mühitində işləyir.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.