Yeni proqram təminatı dünyanın ən güclü superkompüterlərini “geridə qoyacaq”

04 Mart 2015 - 16:40 | Maraqlı məlumatlar
Yeni proqram təminatı dünyanın ən güclü superkompüterlərini “geridə qoyacaq”

Belfastda Kvins Universiteti (Şimali İrlandiya), Mançester Universiteti və STFC Daresbury laboratoriyasının tədqiqatçıları “böyük verilənlər” yığımının emalı zamanı müasir superkompüterlərin hesablama gücünü əhəmiyyətli dərəcədə artırmağa və buna sərf olunan enerjinin miqdarını yol verilən minimum səviyyəyə endirməyə imkan verən yeni proqram təminatının hazırlanması ilə məşğuldurlar.

dailytechinfo.org saytının verdiyi məlumata əsasən, layihə SERT proqramı çərçivəsində yerinə yetirilir. İşin əsas hissəsini “təxmini hesablama” texnologiyası təşkil edir ki, burada hesablamaların dəqiqliyi və etibarlılığına deyil, sürətin artırılması və sərf edilən enerjinin miqdarının azaldılmasına üstünlük verilir.

Əsas ideya hesablama sistemlərinin aparat vasitələri ilə idarə olunması zamanı onların komponentlərinin yol verilən həddən yüksək gərginlik altında işləməsinin reallaşdırılmasından ibarətdir. Bu halda komponentlər etibarlı işləmir. İxtisaslaşdırılmış proqram təminatı və paralel hesablamaların yaranan səhvləri müxtəlif metodlarla aşkar etməyə və aradan qaldırmağa imkan verəcəyi gözlənilir.

Qeyd etmək lazımdır ki, SERT layihəsinin həyata keçirilməsi Britaniyanın Mühəndislik və Fizika Elmləri Araşdırma Şurasının 1 milyon funt-sterlinq həcmində maliyə dəstəyi ilə mart ayında başlanıb. Sürətləndirilmiş superkompüterlərin gücünü sınaqdan keçirən ilk proqramlar isə təbii hadisələrin detallaşdırılmış modelləri, insan orqanizmi sisteminin modelləri, iqlim modelləri, eləcə də energetika, meteorologiya, nəqliyyat, elm və s. kimi sahələrdə tətbiq olunacaq.