On ilə orbitə 1800 yeni peyk buraxılacaq

02 Mart 2015 - 14:26 | Maraqlı məlumatlar
On ilə orbitə 1800 yeni peyk buraxılacaq

Yaxın on il ərzində dünyada 1800-dən çox yeni peyk sifariş ediləcək, hazırlanacaq və orbitə buraxılacaq. Bu barədə “Northern Sky Research” (NSR) agentliyinin hesabatında deyilir. Bu prosesin bazara 300 milyard dollar məbləğində ümumi gəlir gətirəcəyi bildirilir.
 
Yeni peyklər sırasında bütün forma, növ və kateqoriyadan olan aparatlara rast gəlmək olar. Bunlar həmçinin çəkisi 50 kiloqramlıq “mini peyk”lər, rabitə xidmətləri göstərən və çəkisi 6 tondan çox olan nəhəng aparatlardır.

Şirkətlər arasında “Google” və aşağı yerətrafı orbitə çox sayda peyk çıxarmağı planlaşdıran Riçard Brensonun şirkəti yer alıb.

Yeni peyklərə yüksək tələbat 2013-cü ildə də müşahidə olunub və 2014-cü ildə bu tendensiya davam edib. Belə ki, ötən il dünyada orbitə 116 peyk çıxarılıb, daha 149 yeni aparat sifariş edilib. “Kommersiya şirkətlərindən edilən sifarişlər dövlət və hərbi sifarişlərin sayını 2010-cu ildən ilk dəfə ötüb ki, buna da kosmik proqramların büdcəsinin maliyələşdirilməsinin azalması və orbitdə peyk qruplarının cüzi artımı səbəb olub. Sektorun 2014-cü ildə müşahidə olunan ümumi artımının 2015-ci ildə də saxlanılması gözlənilir”, - “NSR” nümayəndələri bildirib.

Qeyd olunur ki, ənənəvi geostasionar rabitə peyklərinin istehsalı və buraxılışının sahə üçün ən gəlirli seqment kimi qalacağına baxmayaraq peyk texnologiyaları getdikcə daha çox istifadəçini əhatə edəcək.

ictnews.az