ABŞ-ın “The Consumer Electronics Association” (CEA) Assosiasiyasının qiymətləndirməsinə görə, bu il qlobal İT xərclərinin həcmi 2013-cü illə müqayisədə 1% azalaraq 1,06 trilyon dollar təşkil edəcək. Azalmaya səbəb kimi Çin və Hindistan kimi böyük bazarlarda smartfon və planşetlərin pərakəndə qiymətlərinin aşağı düşməsi göstərilir. cybersecurity.ru saytının bildirdiyinə görə, 2013-cü ildə xərclərin həcmi 1,07 trilyon dollar olub.
CEA nəzdində analiz üzrə direktor Stiv Koninqin sözlərinə görə, 2014-cü ildə İT sahəsinə xərclənəcək hər bir dolların 43 senti smartfon və planşetlərin payına düşəcək. Eyni zamanda bu il smartfonun orta qiyməti 297 dollar olacaq, halbuki 2010-cu ildə bu göstərici 444 dollar təşkil edib.
CEA-nın hesablamasına əsasən, 2013-cü ildə dünyada 1,01 milyard smartfon satılıb, lakin yenicə qədəm qoyduğumuz ildə bu göstərici artaraq 1,21 milyard olacaq.
CEA-nın hesabatına görə, 2014-cü ildə smartfon və planşetlər dünyada İT sahəsinə sərf olunmuş xərclərin əsas drayveri olaraq qalacaq. Digər tərəfdən, daşınan elektronika (məsələn, smart eynək, smart saat və s.) kimi yeni məhsul kateqoriyalarının satış həcmi artacaq. Məsələn, 2014-cü ildə smart saatların satış həcminin 1,5 milyon olacağı gözlənilir. Həmçinin ultra yüksək dəqiqlikli televizor kateqoriyasında da artım gözlənilir.