Cari ilin əvvəlində unutqanlıqdan əziyyət çəkən insanlar üçün müxtəlif xırda əşyaları tapmağa kömək edən “Pixie Point” sistemi təqdim edilib. Brelok və xüsusi proqram arasında yaradılmış əlaqədən ibarət sistem smartfonlar üçün hazırlanıb. Breloklar televizor pultu, pul kisəsi, açar, əlcək, planşet və s. kimi müxtəlif əşyalara bərkidilir. Smartfon həmin əşyalarla əlaqə yaradaraq onların daha tez tapılmasına kömək edəcək. Sistemin hərəkət radiusu qapalı sahədə 15 metrə, açıq sahədə isə 45 metrə qədərdir.
computerra.ru saytının məlumatına görə, Pixie Point-də əşyaları unutmamağa kömək edən və ya onların oğurlanması barədə xəbərdarlıq edən virtual geozona yaratmaq olar: istifadəçi papağını asılqanda unudaraq 40 metrədək uzaqlaşdığı halda smartfonuna xəbərdarlıq gələcək.
Breloklardan istifadə edə bilmək üçün smartfon iOS və ya Android əməliyyat sistemlərini dəstəkləməlidir. Dörd brelokdan ibarət Pixie Point dəsti yay aylarında satışa çıxarılacaq.