Marsa ayaq basacaq ilk insanlar virtual tədqiqatçılar olacaq

19 Fevral 2015 - 15:58 | Maraqlı məlumatlar
Marsa ayaq basacaq ilk insanlar virtual tədqiqatçılar olacaq

Təsəvvür edin ki, öz iş masanızın arxasında oturmusunuz, qulaqcıqları, virtual reallıq şlemini taxırsınız və artıq Mars planetindəsiniz. Virtual reallıq mühitində olmaqla dağları, qayaları, süxurları tədqiq etmək, elmi ixtiralar etmək imkanı əldə edirsiniz. Bütün bunlar elmi fantastikanı xatırladır, amma məhz bu, NASA-nın reaktiv hərəkətin öyrənilməsi üzrə laboratoriyası ilə Microsoft şirkəti mütəxəssislərinin birgə səyi sayəsində reallaşdırılan “OnSight” layihəsinin əsas hədəfidir. Bu səyin nəticəsində isə Marsa “ayaq basacaq” ilk insanlara bunun üçün Yer kürəsini tərk etmək heç də lazım gəlməyəcək.

Virtual Marsın tam interaktiv ətraf mühitinin yaradılması üçün “Curiosity”, “Spirit” və “Opportunity” marsoxodlarının etdiyi çəkilişlərdən və bütün məlumatlar toplusundan istifadə olunur. “OnSight layihəsi alimlərimizə öz ofislərində oturmaqla, Marsda gəzmək və elmi tədqiqatlar aparmaq imkanını verəcək” – deyə “Mars Science Laboratory” proqramının rəhbərlərindən biri olan Deyv Leveri bildirib.

www.dailytechinfo.org saytının məlumatına görə, hazırda mütəxəssislər “Curiosity” marsoxodunun çəkdiyi fotoşəkillərin xüsusi emalı ilə məşğuldurlar. Şəkillər mürəkkəb riyazi emaldan keçir ki, bunun da nəticəsində Mars səthinin yüksək dəqiqlikli üçölçülü modeli yaranır. “İnsan beyni ikiölçülü ekranda verilmiş üçölçülü informasiyanı elə də yaxşı qəbul etmir. İnsanlara real üçölçülü mühitdə olarkən işləmək daha asandır. Biz proqramın köməyilə tədqiqatçılara bütün virtual reallıq obyektlərini əlavə izahlarla və marsoxod tərəfindən toplanmış müvafiq elmi məlumatlarla təchiz edərək virtual olaraq Marsda olmaq imkanı verəcəyik”.  

“Əvvəllər tədqiqatçılarımız kompüterin monitorunun yalnız bir tərəfində idilər. İndi isə onlara virtual mühitin içərisinə doğru addımlamaq imkanı veririk. Bu, tədqiqatçılara bəzi araşdırmaları eynilə Yer kürəsində tədqiqatlar aparan geoloqlar kimi aparmaq imkanı verir. Əgər, hər şey düşündüyümüz kimi olarsa və “OnSight” proqramı öz effektivliyini sübut edərsə, o zaman insanların nəinki Marsın, digər kosmik cisimlərin də distant öyrənilməsini həyata keçirmək üçün imkanı yaranacaq. Bunun üçün həmin yerə robotun göndərilməsi, toplanmış məlumatları əldə etmək və  onların müvafiq emalını aparmaq  kifayət edəcək”.