Fevralın 12-də Bakıda, Park Inn By Radisson otelində 3D-çap sahəsində innovasiya texnologiyalarına həsr olunmuş konfrans (“3D Print Conference”) keçirilib. Rus, Azərbaycan və ingilis dillərində keçirilən konfransda 3D texnologiyaların sənayedə tətbiqi, 3D-printerlərdən tibb, zərgərlik, memarlıq və digər sahələrdə istifadə, bu texnologiyaların Azərbaycanda təhsil və elmin inkişafına təsiri kimi məsələlər müzakirə olunub. Həmçinin Rusiya, Azərbaycan, Türkiyə, Avropa və ABŞ-ı təmsil edən nümayəndələr tərəfindən müxtəlif çap texnikası nümayiş olunaraq onların tətbiqi haqqında iştirakçılara ətraflı məlumat verilib.
Tədbirdə məruzələrlə çıxış edən mütəxəssislər üçölçülü çapın artıq həyatımıza daxil olduğunu və maşınqayırma (avtomodelləşdirmə, aviamodelləşdirmə, tüninq), qida sənayesi, hərbi sahə, robot texnikası, dizayn və geyim istehsalı, tibb, stomatologiya (protezlər, diş tacı, insan bədəninin ayrı-ayrı hissələrinin və ya ümumi skeletinin surəti), arxitektura, tikinti (binaların, şəhərin ayrı-ayrı rayonlarının), təhsil (əyani vəsaitlər, maketlər) sahələrində istifadə olunduğunu bildiriblər.
Konfransda Rusiyanın “Picaso 3D” şirkəti memar Maksim Vorotnikovun modeli üzrə hazırlanmış “Alov qüllələri”nin unikal 3D-surətini də çap edib.
Tədbirdə, həmçinin iştirakçıların printerlərin iş prinsipini əyani görməsi üçün onlardan istifadəyə imkan verən sərgi zonası təşkil olunub.
Qeyd edək ki, “Smile-Expo” şirkətinin təşkil etdiyi 3D-çap sərgisi indiyədək Almatı (Qazaxıstan), Kiyev (Ukrayna) və Moskva (Rusiya) şəhərlərində keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.