2018-ci ildə bu sahəyə qoyulan vəsait 12 milyard dollar təşkil edəcək
3D-çap texnologiyaları getdikcə daha geniş miqyasda fəaliyyət sahələrində tətbiq olunmaqdadır. Xüsusən də tibb sahəsində son illər bu texnologiyaların imkanları daha da təkmilləşdirilir. Bu gün daxili orqanların “çapı” dünyada olduqca aktual məsələlərdəndir. Alimlər insan orqanlarının donor olmadan yenisi ilə əvəz edilməsi və ya bərpası üçün bio-printerlərin təkmilləşdirilməsi ilə bağlı tədqiqatları davam etdirirlər. Bu isə yaxın gələcəkdə insan həyatının xilas edilməsi və sağlamlığının bərpası üçün orqan və ya toxumaların transplantasiyasına ehtiyac qalmayacağını deməyə əsas verir.
3D-printerləri artıq sınıqların sağalması üçün gipsi əvəz edə biləcək və oynaqların xroniki xəstəliklərində istifadə ediləcək plastik fiksatorların, ortezlərin inkişafı və tətbiqində də mühüm rol oynamağa başlayıb. Belə ki, Rusiyanın “Здравпринт” startapı “Maxfield Capital” vençur fondundan bu məqsədlərin reallaşdırılması üçün 100 min dollar məbləğində investisiya alıb. Yeni şirkət öz rəqibləri içərisində özünün unikal texnologiyası əsasında ortezləri 3D-printerində çap etmək ideyası ilə seçilib. Tibdə 3D-printerləri necə tətbiq olunur və s. haqda şirkətin təsisçisi Fyodor Aptekarev lenta.ru saytına danışıb.
- Tibb sahəsində həcmli çap texnologiyalarından geniş istifadə olunur?
- Tibdə həcmli çap artıq tətbiq olunur, lakin hazırda bu, çox bahalı və dar ixtisaslaşdırılmış istehsaldır. Amma vəziyyət dəyişir, yaxın vaxtlarda bu texnologiyanın vüsət almasını gözləmək olar. Wohlers Associates-in məlumatına görə, hələ ötən il additiv istehsal və 3D-çap sənayesinə qoyulan sərmayə 3 milyard dollara çatmışdır, 2018-ci ilədək isə bu məbləğ 12 milyard dollar təşkil edəcək.
2014-cü ildə San-Fransiskoda bel cərrahiyyəsi üzrə Amerika cəmiyyətlərindən biri bildirmişdir ki, həmin ildə 3D-printerlərində çap edilmiş 3000 onurğa hissəsi implantasiya edilib. Rusiyaya gəlincə isə, Sklifosovski İnstitutunda ağır travmaların müalicəsi üçün artıq kəllə hissələri istehsal olunur.
Daha bir tətbiq variantı bioçapdır. Məsələn, Rusiyanın 3D Bioprinting Solutions laboratoriyası bu il qalxanvari vəzin çapını planlaşdırır, təxminən 2020-ci ilədək isə süni qaraciyərin çapını vəd edir. Lakin bu sahədə süni orqanların yaradılması üzrə digər texnologiyalarla rəqabət vardır - məsələn, bioreaktorlarla.
- 3D-çapla məşğul olmağa qərar vermənizə nə səbəb oldu?
- Skeytdə gəzməyi xoşladığım üçün dəfələrlə olub ki, əl-ayağımı sındırmışam. Bir dəfə ayağım sındığı üçün düz 4 ay müddətinə gips qoydular. Bu dəhşət idi: gigiyena ilə bağlı çətinliklər, dəri problemləri, üstəlik sarğı da çox ağır idi. Elə 3D-printerində fərdi ortezlərin yaradılması ideyası da buradan irəli gəldi.
- Sizin ortezlər gipsi tamamilə əvəz edir?
- Xeyr. Gips sarğısını əvvəlcə 1-2 həftəliyə qoyurlar. Bu müddət ərzində şiş çəkilir, sümüklərin düzgün bitişdiyini yoxlamaq üçün həkim rentgen edir. Sonra pasiyentə sümüyün bir qədər də bitişməsi üçün təxminən yeni gipsi gəzdirmək üçün 1 ay da lazım gəlir. Yalnız bundan sonra sadə langeti qoymaq olar. Bizim məhsuldan artıq ikinci gipsin əvəzinə istifadə etmək olar.
Biz, daha yüngül travmalarda, bərpaedici tibdə və xroniki xəstəliklərin müalicəsində faydalı olacaq orta sərtlikli ortezlər də hazırlamışıq. Sərt ortezlərdən fərqli olaraq bu cür ortezlər pasiyentə müalicənin birbaşa ilkin mərhələsində qoyulur.
- Bənzər funksiyalı langetləri istənilən aptekdən almaq olar, sizin məhsulunuzun üstünlüyü nədədir?
- Bizim məhsullarımız hazır plastik taxmalardan daha ucuzdur, həm də pasiyentə uyğun olaraq fərdi qaydada hazırlanır: həkim bədənin zədələnmiş hissəsini skaner edir və fərdi ortez hazırlayır. Ortezin hazırlanması prosesi üçün 10-12 saat vaxt tələb olunur. Bu vaxt ərzində pasiyent məhsulun rəngi və görüntüsünü seçə bilər. Bu cür ortezin qiyməti isə digərlərindən demək olar ki, iki dəfə ucuzdur – 3500 rubl (41-42 AZN).