Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər barədə məlumat verdi. Seminarın Azərbaycan elminin qarşısında duran mühüm məsələlərdən biri olan elmi məqalələrin yazılmasına həsr olunduğunu bildirdi. Qeyd etdi ki, məruzədə beynəlxalq tələblər nəzərə alınmaqla mövcud təcrübə diqqətə çatdırılır.
“Elmi məqaləni necə yazmalı, jurnalı necə seçməli?” mövzusunda məruzəni təqdim edən institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev məqalənin yazılma mərhələləri, strukturu, jurnalların seçilməsi, məqaləyə istinadların artırılması, intellektual əməyin qiymətləndirilməsi, ədəbiyyat stilləri və s. haqqında məlumat verdi.
Məqalənin ideyanın yaranması, tədqiqi və yazılması mərhələlərindən ibarət olduğunu söyləyən məruzəçi məqalənin strukurunun düzgün qurulmasının vacibliyini vurğuladı. Onun sözlərinə görə, məqalənin adı qısa olmalı, oxucuya məqalə haqqında işarə verməli və onun diqqətini cəlb etməlidir.
Məqalə xülasəsinin növlərindən danışan R.Alıquliyev onun təsviri, tənqidi, informativ və qrafiki növlərdən ibarət olduğunu söylədi. Bildirdi ki, xülasəyə işin məzmunu daxil olunmalı və o mətndəki əsas məzmunu özündə əks etdirməlidir.
Jurnalın reytinqini müəyyən edən kriteriyalardan söz açan alim məqalənin impakt faktorlu jurnallarda dərc olunmasının əhəmiyyətini qeyd etdi, h-index, eigen-factor, 5-illik impakt faktor və s. qiymətləndirmə kriteriyalarını nəzərə çatdırdı.
Məqalənin əsas hissələrinin izah olunması, onun yerləşdiyi resursların linklərinin göstərilməsi, məqalənin paylaşılması və s. üsullarla istinadların sayını artırmağın mümkünlüyünü dilə gətirən R.Alıquliyev impakt faktorun yüksəldilməsi yollarından da danışdı: “Yüksək istinadlı müəlliflərdən məqalə xahiş etmək, jurnalda yüksək istinadlı, o cümlədən istinadsız məqalələri aşkarlamaq, online çap, müəllifləri və rəyçiləri onların maraq dairəsində olan məqalələrlə məlumatlandırmaq və s. ilə impakt faktorun yüksəldilməsinə nail olmaq olar”.
O, həmçinin məqalədə istifadə olunan açar sözlər, giriş, icmalın yazılması, metodologiya, tədqiqatda əldə olunan elmi yenilikləri əks etdirən nəticə və oxucuya məqalənin əhəmiyyətini dərk etməyə kömək edən yekun və ədəbiyyat siyahısının hazırlanması haqqında ətraflı məlumat verdi.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı, çoxsaylı suallar cavablandırıldı.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.