Amerika xüsusi xidmət orqanlarının casusluq proqramları haqqında informasiyanı açıqlamaqla beynəlxalq qalmaqal yaradan ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin bu bəyanatı sayəsində şəbəkədə anonimlik mövzusu daha da aktuallaşıb. cybersecurity.ru saytının məlumatına görə, “Eset” antivirus şirkətinin ekspertləri məhz bu sahədəki proqnozlara həsr olunmuş “Trendlər-2014. İnternetdə məxfiliyə çağırış” adlı hesabat hazırlayıblar.
Analitiklərin qənaətincə, 2014-cü ildə dünyadakı bütün istifadəçilər İnternetdə informasiya təhlükəsizliyi və anonimlik mövzusuna daha çox diqqət yetirəcəklər. Onlar mövcud problemin fəsadlarını nəzərə alaraq şəxsi informasiyanın təhlükəsizliyini təmin edən konkret proqram və texnoloji vasitələrə müraciət edəcəklər.
TOR anonim şəbəkəsi, I2P “görünməyən İnternet”, proksi-serverlər, VPN-servislər və s. kimi texnologiyaların inkişafı və məşhurlaşması 2014-cü ilin əsas tendensiyası olacaq. Elə bu səbəblər sıravi istifadəçilərə dövlətin, İT-korporasiyaların və kibercinayətkarların diqqətindən yayınmaq imkanı verən şifrləmə texnologiyalarının inkişafına təkan verəcək. Anonim axtarış sistemləri, anonim brauzerlər və əməliyyat sistemləri, messencerlər tədricən mövcud proqram təminatını əvəz edəcəklər.
Bu proqnozları müstəqil tədqiqatlar da təsdiq edir. “ComRes” şirkətinin sorğularına əsasən, respondentlərin artıq 79%-ni şəbəkədə şəxsi informasiyanın təhlükəsizliyi məsələsi narahat edir.
Hesabatda bilidirilənə görə, bununla belə, hökumətlər və iri korporasiyalar əvvəlki kimi istifadəçiləri izləməyə çalışacaqlar. Qanuna riayət edən istifadəçilərin şəxsi informasiyanın təhlükəsizliyinin təmininə olan ehtiyacını ödəməklə, beynəlxalq terrorizm də daxil olmaqla, cinayətkarlıqla səmərəli mübarizə aparmaq imkanı verən konfidensiallıq səviyyəsi ilə bağlı milli və beynəlxalq səviyyədə mübahisələr yaranacaq.
Lakin hökumətlərin bu mövqeyini hər kəs dəstəkləməyəcək. “Eset”in analitiki Liza Mayersin proqnozlarına görə, gələn il etiraz bildirmə vasitəsi kimi DDoS-hücumlar cari illə müqayisədə daha geniş miqyas alacaq. Dövlət portalları və ya müstəqil KİV-in saytlarına hücumların təşkilatçıları bu yolla hakimiyyətin fəaliyyətinə öz etirazlarını bildirəcəklər. Ekspertlər artıq cari ildə müxtəlif portallarda qeydiyyat formalarına daxil edilmiş məxfi informasiyanı toplayan, həmçinin istifadəçinin fərdi kompüterinə əlavə zərərli fayllar yükləyən TOR anonim şəbəkəsi üçün botnet aşkar ediblər.
2014-cü ildə şantajçı-proqramların və ekran-blokatorlarının fəallığı da artacaq. Onların yayılmasına Bitcoin rəqəmsal valyutasının populyarlığı səbəb olacaq. Android əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün də təhlükələrin faizi artacaq. Kibercinayətkarlar ağıllı məişət texnikasının “sındırılması” üsullarını tapmaq üçün daha da fəallaşacaqlar. Onların hədəfi İnternetə çıxışı olan istənilən qurğu ola bilər – Google Glass eynəklərindən tutmuş intellektual binayadək.