Massaçusets Texnologiya İnstitutunun (MTİ) tədqiqatçıları ödəniş kartı sahiblərinin şəxsi məlumatlarının təhlükəsizliyinə əməl olunmadığını sübut ediblər: plastik kart istifadəçisinin kimliyini müəyyən etmək üçün onun dörd ödəmə əməliyyatı etməsi kifayətdir.
Tədqiqatçılar bildiriblər ki, şəxsin məlumat bazasında müəyyənləşdirilməsi üçün insanların vacib hesab etdiyi sahibin adı, yaşayış ünvanı və ya kartın nömrəsinə heç də ehtiyac yoxdur.
Alış-verişin həyata keçirildiyi tarix və yer haqqında informasiyaya malik olmaqla bu məqsədə çatmaq mümkündür.
“Tədqiqatın nəticələrinə əsasən, haqqında danışılan məxfilik real deyil” - deyə araşdırma müəlliflərindən biri olan MTİ-nin professoru Aleks Pentland bildirib.
3dnews.ru saytının məlumatına görə, tədqiqatçılar daha da irəli gedərək əməliyyatın dəyəri haqqında informasiya olduğu halda, üç ödəmə əməliyyatı ilə də şəxsi müəyyənləşdirməyin mümkün ola biləcəyini söyləyiblər.
Hətta 1 həftə ərzində müəyyən ərazidəki 150 mağazada alış-veriş izlənilsə, 70 faiz halda həmin şəxsin kimliyi müəyyən olunacaq.