Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu rəqəmsal texnologiyalar sahəsində elmi potensialın gücləndirilməsinə və gənc istedadların üzə çıxarılaraq inkişaf etdirilməsinə böyük diqqət ayırır. Bu məqsədlə institut xüsusi istedadı ilə seçilən, bilik olimpiadalarında və müxtəlif innovativ təhsil layihələrində fərqlənən, tədqiqat işinə meyli olan şagirdlərin elmi axtarışlara sövq edilməsi, yeni biliklərə maraqlarının reallaşdırılması üçün intellektual dəstək göstərir. İnstitutun alimlərinin Bakı Oksford Məktəbinin IX sinif şagirdləri Zülfüqar Həsənov və Əli Nuriyə elmi tədqiqatlarının aparılması istiqamətində hamilik etməsi də bu fəaliyyətin tərkib hissəsidir.
Şagirdlərin apardıqları elmi tədqiqatların mövcud vəziyyətinin qiymətləndirilməsi, əldə olunan nəticələrin müzakirəsi və layihənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda xüsusi elmi seminar keçirilib. Seminarda layihənin hazırlanmasında şagirdlərə dəstək göstərən Bakı Oksford Məktəbinin müəllimi, kimya üzrə fəlsəfə doktoru Gültəkin xanım Rzayeva da iştirak edib.
Tədbirdə şagirdlər – Zülfüqar Həsənov və Əli Nuri “Bakı şəhərində akustik-səs çirklənməsinin intellektual monitorinqi və xəritə üzərində vizuallaşdırılması sistemi” mövzusunda təqdimatla çıxış ediblər.
Şagirdlər layihənin əsas məqsədinin Bakı şəhərində akustik-səs çirklənməsinin real vaxt rejimində ölçülməsi, təhlili və əldə olunan məlumatların xəritə üzərində vizuallaşdırılmasını təmin edən intellektual sistemin işlənib hazırlanması olduğunu bildiriblər. Onlar bu sahədə dünyada tətbiq olunan mövcud yanaşmalar, layihənin konseptual əsasları, eləcə də sistemin hazırlanması zamanı istifadə edilən proqram təminatı barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, layihənin funksional imkanlarının genişləndirilməsi və istifadəçilər üçün əlçatanlığının artırılması məqsədilə yaxın vaxtlarda onun mobil tətbiqinin hazırlanması da nəzərdə tutulur.
Təqdimat ətrafında geniş fikir mübadiləsi aparılıb. İnstitutun alim və mütəxəssisləri layihənin elmi-praktik əhəmiyyətini, texniki imkanlarını və inkişaf perspektivlərini müzakirə edərək şagirdlərə suallar ünvanlayıb, təklif və tövsiyələrini səsləndiriblər.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxışında istedadlı məktəblilərin elmi fəaliyyətə istiqamətləndirilməsinin və irəli sürdüyü ideya və təşəbbüslərin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, gənc nəslin elmi axtarışlara cəlb olunması, nəzəri biliklərinin praktiki layihələr vasitəsilə möhkəmləndirilməsi və müasir texnologiyaların imkanlarından səmərəli istifadə etməyə təşviq edilməsi ölkənin gələcək elmi potensialının formalaşdırılması baxımından mühüm önəm daşıyır.
Akademik Rasim Əliquliyev qeyd edib ki, istedadlı şagirdlərin erkən yaşlardan elmi tədqiqat mühitinə cəlb edilməsi onların analitik düşünmə, problem həll etmə və innovativ yanaşmalar irəli sürmə bacarıqlarının inkişafına əlverişli şərait yaradır. Bu baxımdan, elmi müəssisələrlə ümumtəhsil məktəbləri arasında əməkdaşlığın genişləndirilməsi, alimlərin bilik və təcrübələrini gənclərlə bölüşməsi xüsusi əhəmiyyət kəsb edir. Alim İnformasiya Texnologiyaları İnstitutunun perspektivli gənclərin elmi təşəbbüslərinə intellektual dəstək göstərməyə, onların tədqiqatlarının təkmilləşdirilməsinə və yeni ideyalarının reallaşdırılmasına kömək etməyə hazır olduğunu bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.