Rəqəmsal tibb problemlərinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

29 İyul 2026 - 11:36 |
Rəqəmsal tibb problemlərinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal tibb problemləri. Məqalələrin xülasələri” adlı ekspress-informasiya çapdan çıxıb. Nəşrdə institut əməkdaşlarının rəqəmsal tibbin müxtəlif istiqamətlərini əhatə edən elmi əsərlərinin xülasələri cəmlənib.

Həmin elmi əsərlər elektron tibbin formalaşması, teletibb sistemlərinin qurulması, tibbi fərdi məlumatların informasiya təhlükəsizliyi və hüquqi tənzimlənməsi məsələlərinə həsr olunmuşdur. O cümlədən həkim qərarlarını dəstəkləyən intellektual ekspert sistemlərinin işlənilməsi, səhiyyədə Big Data analitikası, bulud və superkompüter texnologiyalarının tətbiqi, sensor şəbəkələri vasitəsilə risk qrupundakı işçilərin sağlamlıq monitorinqinin aparılması, tibbi sosial media mühitində pasiyent rəylərinin kontent və sentiment analizi üzrə mühüm elmi nəticələr əldə edilmişdir.

Ekspress-informasiyada, bütövlükdə, 176 elmi əsər haqqında məlumat verilir ki, onların da bir çoxu yüksək impakt-faktorlu jurnallarda dərc olunmuş və nüfuzlu beynəlxalq konfranslarda məruzə edilmişdir.

Yeni nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədovadır.

Bu vəsait rəqəmsal tibb, elektron səhiyyə və tibbi informatika sahəsində araşdırma aparan elmi tədqiqatçılar, müvafiq ali təhsil müəssisələrinin müəllim və tələbələri, həkimlər, bu sahənin mühəndisləri və menecerləri üçün faydalı elmi mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.