AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki FD 1.35 Dissertasiya şurasının 3339.01 – ”İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə elmi seminarın iclası keçirilib.
İclası giriş sözü ilə elmi seminarın sədri, texnika elmləri doktoru, dosent Yadigar İmamverdiyev açaraq, seminarın Əbabil Nağıyevanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Məxfi informasiyanın gizlədilməsi üçün effektiv alqoritmlərin tədqiqi və işlənilməsi” mövzusunda dissertasiya işinin müzakirəsinə həsr olunduğunu qeyd edib.
Ə.Nağıyeva dissertasiya işini təqdim edərək bildirib ki, İnternetin, müasir naqilsiz rabitə texnologiyalarının və multimedia resurslarının geniş yayılması qlobal şəbəkələr vasitəsilə ötürülən məxfi informasiyanın təhlükəsizliyinin təmin edilməsini aktual elmi-praktik problemə çevirmişdir. Bu baxımdan, rəqəmsal mühitdə informasiyanın icazəsiz müdaxilələrdən qorunması üçün kriptoqrafiya, steqanoqrafiya və digər müasir informasiya təhlükəsizliyi üsullarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
İddiaçının sözlərinə görə, dissertasiya işinin əsas məqsədi açıq rabitə kanalı vasitəsilə göndərilən məxfi informasiyanın qorunmasını təmin edən steqanoqrafik metod və alqoritmlərin araşdırılması, perspektivli steqanoqrafik metod və alqoritmlərin seçilərək müqayisəli analizlərinin aparılması, yeni steqanoqrafik alqoritmlərin işlənilməsindən ibarətdir.
Məruzəçi qeyd edib ki, dissertasiya işinin elmi yeniliyi təsvirlərdə məxfi informasiyanın gizlədilməsi üçün yeni steqanoqrafik alqoritmlərin işlənilməsi, müasir və yüksək göstəriciləri ilə seçilən gizlədilmə metodlarının müqayisəli tədqiqi, təsvirlərin keyfiyyətini qorumaqla yüksək dayanıqlılıq və böyük həcmdə məlumatın gizlədilməsini təmin edən alqoritmlərin hazırlanması, həmçinin interpolyasiya və kvorum funksiyasına əsaslanan yeni steqanoqrafik yanaşmaların təklif edilməsindən ibarətdir.
Dissertasiya işinin nəticələrini təqdim edən Ə. Nağıyeva bildirib ki, tədqiqat çərçivəsində təsvir steqanoqrafiyası sahəsində mövcud informasiya gizlətmə alqoritmləri geniş təhlil edilmiş, onların üstün və zəif cəhətləri müəyyənləşdirilmişdir. Bunun əsasında təsvirin vizual keyfiyyətini qoruyan, steqo-hücumlara qarşı yüksək dayanıqlılığa malik, böyük həcmdə məxfi informasiyanın gizlədilməsini təmin edən, interpolyasiya, kvorum funksiyası əsasında yeni və effektiv steqanoqrafik alqoritmlər işlənilmiş, onların təhlükəsizliyinin artırılması üçün şifrləmə standartı tətbiq edilmişdir.
Sonra dissertasiya işinə dair təyin olunan rəyçilər – texnika elmləri doktoru, professor Valeh Mustafayev və texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev çıxış edərək tədqiqatın elmi yeniliyini və praktiki əhəmiyyətini qeyd ediblər, sual və iradlarını səsləndiriblər.
Daha sonra Ə.Nağıyeva ona ünvanlanan sualları cavablandırıb.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə iştirak edən texnika elmləri doktoru, professor Bayram İbrahimov, texnika elmləri doktoru, dosent Fəhrad Paşayev, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova və texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov çıxış edərək iddiaçının əldə etdiyi elmi nəticələrlə bağlı təklif və tövsiyələrini irəli sürüblər.
Sonda səsvermə keçirilib, müvafiq qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.