AMEA-da “Rəqəmsal Türkologiya” mövzusunda panel iclas təşkil edilib

02 İyul 2026 - 15:01 | Konfranslar, İclaslar

İyulun 1-də AMEA-nın Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində “Rəqəmsal Türkologiya” adlı panel iclas təşkil edilib.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk dünyası həftəsi”nin elm və mədəniyyəti əhatə edən genişmiqyaslı silsilə tədbirlərdən ibarət olduğunu vurğulayıb.

“Türk dünyası həftəsi”nin Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil edildiyini söyləyən AMEA rəhbəri bildirib ki, yubileyin dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın Türk dünyasının ortaq elmi-mədəni irsinə verdiyi yüksək dəyəri açıq şəkildə nümayiş etdirir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, 5 türk dövləti başçısının yubiley tədbirləri ilə bağlı təbrik məktubu ünvanlaması Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun və Azərbaycanın Türk dünyasında artan rolunun göstəricisidir.

O, “Türk Dünyası Həftəsi”nin əsas hadisəsinin Heydər Əliyev Mərkəzində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres olduğunu diqqətə çatdırıb. Konqresdə 26 ölkədən 200-dən çox türkoloq-alimin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyini deyən alim bildirib ki, bu, Azərbaycanın elmi və intellektual mərkəz kimi artan beynəlxalq çəkisini təsdiqləyir.

Müasir dövrdə rəqəmsallaşmanın xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran akademik İsa Həbibbəyli qeyd edib ki, ölkədə rəqəmsal dövlət, elektron hökumət və süni intellekt istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, normativ-hüquqi baza formalaşdırılır. O, bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsini bu prosesin sürətləndiyinin göstəricisi kimi dəyərləndirib. Alim AMEA-da da rəqəmsal inkişaf və süni intellektlə bağlı struktur islahatlarının aparıldığını qeyd edib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, qarşıda duran əsas məqsəd rəqəmsal texnologiyaların və süni intellektin imkanlarının humanitar və ictimai elmlərin inkişafına sistemli şəkildə tətbiq edilməsidir. Müasir dövrdə ədəbiyyat, folklor, dilçilik, incəsənət və ümumilikdə türkologiya rəqəmsallaşma prosesindən kənarda qala bilməz.

“Rəqəmsal Türkologiya” paneli Birinci Türkoloji Qurultayın 100 illiyinə AMEA-nın yeni elmi düşüncəyə əsaslanan mühüm töhfəsidir”, – deyə qeyd edən akademik İsa Həbibbəyli iclasın AMEA-nın institutlarında rəqəmsallaşma istiqamətində aparılan işlərin daha da dərinləşməsinə və sistemli inkişafına geniş imkanlar yaradacağını söyləyib. AMEA rəhbəri panelin elmi müzakirələr baxımından səmərəli olacağına əminliyini ifadə edərək, tədbirin işinə uğurlar arzulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Birinci Türkoloji Qurultayın bundan 100 il əvvəl məhz bu binada dövrün ən aktual elmi məsələlərini gündəmə gətirdiyini, bu gün isə dünyanın tamamilə yeni reallıqlarla üz-üzə olduğunu vurğulayıb. Alim müasir çağırışlar fonunda konqres çərçivəsində “Rəqəmsal Türkologiya” panelinin təşkilini zəruri addım kimi dəyərləndirib.

Akademik Rasim Əliquliyev son illər türk dövlətlərinin rəhbərlərinin rəqəmsal inkişaf və süni intellekt məsələlərini strateji prioritet kimi ön plana çəkdiklərini və Türkistan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bunu açıq şəkildə nümayiş etdirdiklərini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü il andiçmə mərasimində səsləndirdiyi “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - fikri bu istiqamətdə aparılan müzakirələrdə xüsusi önəm daşıyır.

Alimin sözlərinə görə, müasir dövrdə xalqlar və dövlətlər yalnız real məkanda deyil, virtual mühitdə də rəqabət aparır, bu rəqabət bəzən informasiya müharibəsi səviyyəsinə yüksəlir və tarixi ziddiyyətlər rəqəmsal məkanda da öz əksini tapır. Akademik Rasim Əliquliyev çıxışında vahid virtual Türk dünyasının formalaşdırılmasının əhəmiyyətinə toxunaraq bildirib ki, ayrı-ayrı türk dövlətlərinin mövcud rəqəmsal resurslarının vahid platformada birləşdirilməsi, virtual Türk dünyasının arxitekturasının qurulması və onun kibersuverenliyinin təmin edilməsi artıq zərurətə çevrilib. Bu prosesdə humanitar sahə alimləri ilə yanaşı, texnologiya mütəxəssislərinin də fəal iştirakı vacibdir.

Vitse-prezident çıxışının sonunda bugünkü plenar iclası yeni yüzilliyin başlanğıcı kimi dəyərləndirib, müasir çağırışlar kontekstində Azərbaycan dövlətinin rəqəmsal siyasətinə uyğun olaraq AMEA-da da yeni elmi prioritetlərin formalaşdırılmaqda olduğunu diqqətə çatdırıb.

Plenar iclasda Türk Dünyası İş Adamları Birliyinin sədri Mehmet Fatih Danış çıxış edərək bu toplantının yalnız türkologiyanın keçmişini xatırlamaq məqsədi daşımadığını, eyni zamanda onun gələcəyini birlikdə qurmaq niyyəti ilə təşkil olunduğunu vurğulayıb. O, türkologiyanın Türk dünyasının ortaq yaddaşını, mədəniyyətini və kimliyini gələcəyə daşıyan ən mühüm intellektual körpülərdən biri olduğunu qeyd edib.

Mehmet Fatih Danış Birinci Türkoloji Qurultayın zəngin irsinin hələ də kifayət qədər rəqəmsal mühitə daşınmadığını və bir çox türk dillərinin rəqəmsal platformalarda az resurslu dillər kimi qiymətləndirildiyini söyləyib. Birlik sədri son illərdə Türkiyə, Azərbaycan və digər türkdilli ölkələrdə rəqəmsal arxivləşdirmə və süni intellekt əsaslı layihələr üzrə atılan addımları müsbət dəyərləndirib.

Mehmet Fatih Danış çıxışının sonunda əsas hədəfin Türk dünyasının bütün ləhcələrini əhatə edən rəqəmsal dil korpuslarının yaradılması, açıq məlumat standartlarının inkişafı, ortaq terminoloji şəbəkənin qurulması olduğunu bildirib. O, yaxın illərdə Türk dünyasının ali təhsil müəssisələri və akademik qurumlarının bu istiqamətdə ortaq layihələrlə çıxış edəcəyinə inamını ifadə edib.

Daha sonra elmi məruzələr dinlənilib. AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev “Rəqəmsal türkoloji folklorşünaslıq: konseptual baxışlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

Hikmət Quliyev Birinci Türkoloji Qurultayın 100 illiyinin türkologiyanın yeni mərhələsinin nəzəri və metodoloji istiqamətlərini yenidən dəyərləndirmək üçün mühüm elmi platforma olduğunu vurğulayıb. Qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay yalnız ortaq əlifba məsələsinin müzakirəsi ilə məhdudlaşmayıb, türk xalqlarının dili, tarixi, folkloru və digər humanitar sahələri birləşdirən multidissiplinar elmi mühit formalaşdırıb.

“Müasir dövrdə isə rəqəmsal transformasiya, süni intellekt və böyük verilənlərin inkişafı humanitar elmlərdə bilik istehsalının məzmununu və metodologiyasını əsaslı şəkildə dəyişir”, – deyə məruzəçi bildirib.

İnstitut direktoru “rəqəmsal türkoloji folklorşünaslıq” anlayışının yalnız folklor materiallarının rəqəmsallaşdırılması ilə məhdudlaşmadığını, əsas məqsədin rəqəmsal mühitdə türkoloji bilik istehsalının yeni metodoloji prinsiplər əsasında təşkili olduğunu vurğulayıb.

Hikmət Quliyev çıxışının sonunda bildirib ki, Birinci Türkoloji Qurultay XX əsrdə Türk dünyasında ortaq elmi əməkdaşlıq mühitinin formalaşmasında mühüm rol oynayıb və hazırda əsas məqsəd bu ənənəni müasir texnoloji imkanlar əsasında davam etdirməklə ortaq rəqəmsal folklor korpusları və vahid bilik ekosistemi formalaşdırmaqdır.

Tədbirdə, həmçinin AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və həmin şöbənin baş mütəxəssisi Samir Ələkbərlinin “Rəqəmsal türkologiyanın yol xəritəsi: Ənənədən alqoritmə, alqoritmdən transformasiyaya doğru”, Dilçilik İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini professor Məsud Mahmudovun “Rəqəmsal Azərbaycan dili: problemlər və perspektivlər”, Ədəbiyyat İnstitutunun elmi işlər, rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini filologiya elmləri doktoru, dosent Mehman Həsənlinin “Rəqəmsal Ədəbiyyat İnstitutu: nəticələr və perspektivlər”, Memarlıq və İncəsənət İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevin “Rəqəmsal texnologiyalar və türk mədəni irsinin qorunması” mövzusunda məruzələri dinlənilib.

Bundan başqa, iclasda Əlyazmalar İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifova “Türkologiyada rəqəmsal mətnşünaslıq: mətnlərin elektron təhlili, korpus texnologiyaları və süni intellektin tətbiqi”, Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Nigar Camalova “Azərbaycan tarixi və etnologiyasında süni intellekt alətlərinin tətbiqi problemləri”, Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov “Rəqəmsal Arxeologiya: müasir təcrübə və hədəflər”, Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov “Müasir geosiyasi şəraitdə Azərbaycanın rəqəmsal suverenliyi və milli təhlükəsizlik çağırışları” və Şərqşünaslıq İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev “Rəqəmsal transformasiya dövründə şərqşünaslıq: ənənəvi tədqiqat modellərindən rəqəmsal humanitar tədqiqatlara keçid” adlı məruzələrlə çıxış ediblər.

Eyni zamanda, tədbirdə ETN İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova “Türk dillərinin rəqəmsal transformasiyası və ortaq dil ekosisteminin formalaşdırılması problemləri”, RH  aparatının Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdir müavini texnika üzrə fəlsəfə doktoru, dosent Həsən Nağıyev və şöbənin baş mütəxəssisi Kəmalə Zamanova “Hibrid NLP vasitəsilə Nizami Gəncəvinin farsdilli poeziyasında türk leksik elementlərinin aşkarlanması”, Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin baş mütəxəssisi texnika üzrə fəlsəfə doktoru Tuncay Həbibbəyli və AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron xdmətlər şöbəsinin baş mütəxəssisi Həbibulla İmranov “Azərbaycan dili üçün akademik qayda əsaslı və mənbəli süni intellekt infrastrukturu (SUFİ AI)” adlı məruzələrini təqdim ediblər.

science.az