Məlumatlar “Li-Fi” texnologiyası ilə ötürüləcək

26 Yanvar 2015 - 14:00 | Texnoloji yeniliklər
Məlumatlar “Li-Fi” texnologiyası ilə ötürüləcək

“PureLiFi” şirkəti işıq diodu lampalarının köməyi ilə məlumatların ötürülməsi texnologiyasının kommersiya istismarına başlayıb.

Edinburq Universitetinin alimləri tərəfindən hazırlanmış məlumatların ötürülməsi üzrə yeni texnologiya “Li-Fi” adlandırılıb. Alimlər bildirib ki, yeni texnologiyanın köməyi ilə məlumatları saniyədə 10 Gbit sürətlə ötürmək mümkündür.

“ICTnews” elektron xəbər xidməti bildirir ki, şəbəkəyə qoşulmaq üçün əsas “giriş nöqtəsi”ndən (“PureLiFi” avadanlığı ilə təchiz edilmiş lampa) istifadə etmək və lampa işığının şüası üçün əlçatan olmaq lazımdır.

Buna görə siqnalı “tutmaq” istəyənlər təbii çətinliklə qarşılaşacaq: qəbuledici-ötürücü avadanlığın yaxınlığında  olmaq və vizual olaraq görmək lazımdır ki, bu da məlumatın ötürülmə təhlükəsizliyini artırır.

“PureLiFi” şirkəti artıq “Li-Flame” adlanan lampanın kommersiya istehsalına başlayıb. Lampa USB konnektorla təchiz edilib və müştəri avadanlığının “Li-Fi” texnologiyası üzrə qoşulması üçün qəbuledici-ötürücü qurğusu kimi istifadə olunur. Şəbəkəyə qoşulmaq üçün lampanı “görmək” və “Li-Fi” modemli kompüterə malik olmaq lazımdır.