Kiberfiziki sistemlərin texnoloji platformalarının kiberdayanıqlılığı problemləri tədqiq olunur

26 Fevral 2026 - 11:14 | Konfranslar, İclaslar
Kiberfiziki sistemlərin texnoloji platformalarının kiberdayanıqlılığı problemləri tədqiq olunur

Kiberfiziki sistemlərin texnoloji platformalarının kiberdayanıqlılığının təmin olunması üçün arxitektur həllər və metodların təhlili

Müasir kibertəhdidlər təkcə məlumat təhlükəsizliyini deyil, eyni zamanda fiziki proseslərin dayanıqlılığını da hədəf alır. Bu baxımdan, müasir dövrdə kiberfiziki sistemlərin texnoloji platformalarının kiberhücumlar və imtinalar şəraitində funksionallığının qorunması və bərpası aktual elmi və praktiki problemlərdən birinə çevrilmişdir.

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Kiberfiziki sistemlərin texnoloji platformalarının kiberdayanıqlılığının təmin olunması üçün arxitektur həllər və metodların təhlili” mövzusuna həsr olunmuş elmi seminarda bu barədə məlumat təqdim olunub.

İnstitutun baş mühəndisi, şöbə müdiri Şakir Mehdiyev məruzəni təqdim edərək əvvəlcə problemin aktuallığını diqqətə çatdırıb. Qeyd edib ki, ölkənin milli təhlükəsizlik, kibersuverenlik və rəqəmsal inkişaf siyasəti informasiya və texnoloji sistemlərin idarəolunan, nəzarət olunan və dayanıqlı fəaliyyətinin təmin olunmasını zəruri edir. Xüsusilə enerji, nəqliyyat, sənaye və digər kritik sahələrdə geniş tətbiq olunan kiberfiziki sistemlərdə (KFS) kiber və fiziki komponentlərin sıx inteqrasiyası yeni risk mühitinin formalaşmasına səbəb olur. Bu sistemlərdə baş verən imtinalar texnoloji proseslərin pozulmasına, enerji təchizatında fasilələrə və insan təhlükəsizliyi üçün risklərə gətirib çıxara bilər.

Məruzəçinin sözlərinə görə, tədqiqatın əsas məqsədi kiberfiziki sistemlərin texnoloji platformalarının kiberdayanıqlılığının təmin olunması üçün mövcud arxitektur həllərin və metodların təhlilini aparmaq, onların imkan və məhdudiyyətlərini qiymətləndirmək, eləcə də əsas funksiyaların qorunması baxımından mövcud problemləri və açıq tədqiqat istiqamətlərini müəyyən etməkdir.

Kiberdayanıqlılıq anlayışına aydınlıq gətirən tədqiqatçı bildirib ki, bu anlayış kiber təsirlər, texniki imtinalar və qeyri-müəyyən şəraitdə fiziki nəticələrə səbəb ola bilən sistemlərin əsas funksiyalarını qoruyaraq fəaliyyətini davam etdirmək qabiliyyətini ifadə edir. Kiberdayanıqlılığın əsas komponentlərinə texnoloji proseslərin stabilliyinin qorunması, kiberhücumlar zamanı funksionallığın saxlanılması və dəyişən təhlükə mühitinə uyğun dinamik yenidənqurma imkanları daxildir.

Ş.Mehdiyev çıxışında KFS-in texnoloji platformasının strukturunu təhlil edərək onun hesablama infrastrukturu (bulud, duman və kənar hesablama mühitləri), sensor və aktuator infrastrukturu, şəbəkə-kommunikasiya infrastrukturu, idarəetmə və analiz infrastrukturu, təhlükəsizlik infrastrukturu və enerji infrastrukturu kimi əsas komponentlərini təqdim edib. Qeyd edib ki, bu təbəqələrin hər biri kiberdayanıqlılığın formalaşmasında bərabərhüquqlu rol oynayır.

Tədqiqatın nəticələrini diqqətə çatdıran Ş.Mehdiyev bildirib ki, kiberfiziki sistemlərdə kiberdayanıqlılığın təmin olunması üçün komponent səviyyəli və insidentdən sonra aktivləşən yanaşmalar kifayət etmir: “Bu məqsədlə funksional kritikliyə əsaslanan arxitektur yanaşma tətbiq edilməli, əsas funksiyalar prioritet qorunmalı, mərkəzləşdirilmiş idarəetmədən asılılıq azaldılmalı və lokal avtonom (ada rejimi) mexanizmlər reallaşdırılmalıdır. Eyni zamanda, resursların əsas funksiyalara yönəldilməsi, sensor məlumatlarının etibarlılığının yüksəldilməsi və s. sistemin etibarlı şəkildə fəaliyyətini davam etdirməsi üçün mühüm şərtlərdəndir”.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev məruzəyə münasibətini bildirərək aparılan tədqiqatların olduqca aktual məsələyə həsr olunduğunu və müasir dövrün çağırışları ilə səsləşdiyini vurğulayıb. Akademik ölkəmizdə gedən rəqəmsal transformasiya prosesləri və süni intelelktin inkişafı fonunda kiberdayanıqlılıq məsələlərinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Alim kiberdayanıqlılığı tənzimləyən normativ-hüquqi bazanın, beynəxlalq standartların araşdırılması, bu sahədə görülən işlərin və nüfuzlu konfranslarda müzakirə olunan aktual istiqamətlərin diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.