Akademik Rasim Əliquliyev: “Qlobal çağırışlar, rəqəmsal transformasiya və yaşıl cəmiyyətin formalaşdırılması kontekstində ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi xüsusi əhəmiyyət daşıyır”

13 Fevral 2026 - 12:26 | Konfranslar, İclaslar
Akademik Rasim Əliquliyev: “Qlobal çağırışlar, rəqəmsal transformasiya və yaşıl cəmiyyətin formalaşdırılması kontekstində ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi xüsusi əhəmiyyət daşıyır”

Bu barədə institutun Elmi şurasının iclasında AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev məlumat verib.

Akademik Rasim Əliquliyev bildirib ki, 17–22 may 2026-cı il tarixlərində Bakıda irimiqyaslı beynəlxalq tədbirlərdən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (World Urban Forum, WUF13) keçiriləcək. 2001-ci ildə BMT tərəfindən təsis edilmiş Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlərə, ölkələrə və iqlimə təsirini araşdıran aparıcı qlobal platforma kimi tanınır.

Alim Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini və bu nüfuzlu tədbirin ölkəmizdə keçirilməsinə dair qərar qəbul edildiyini diqqətə çatdırıb. Əlavə edib ki, forumun Azərbaycanda təşkili ölkənin inkişaf strategiyalarının, müasir şəhərsalma siyasətinin beynəlxalq ictimaiyyətə təqdim olunmasına mühüm töhfə verəcək, eyni zamanda milli şəhərsalma təcrübəsinin qlobal platformada paylaşılması üçün geniş imkanlar yaradacaq.

İnstitutun baş direktoru qeyd edib ki, son dövrlərdə ölkəmizdə şəhər infrastrukturunun müasirləşdirilməsi, ictimai məkanların bərpası və mədəni irsin qorunması istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Xüsusilə Qarabağ bölgəsində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycanın bu sahədə siyasətinin praktiki müstəvidə uğurla tətbiq edildiyini nümayiş etdirir: “Şuşa, Füzuli və Ağdam şəhərlərinin “ağıllı şəhər” prinsipləri əsasında yenidən qurulması ölkənin gələcək şəhərsalma modelinin real təzahürü kimi qiymətləndirilir”.

Akademik Rasim Əliquliyev vurğulayıb ki, rəqəmsal transformasiya, yaşıl cəmiyyətin formalaşdırılması kontekstində bu forumun ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bununla əlaqədar Dövlət başçısının müvafiq Sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb, aidiyyəti qurumlar qarşısında konkret vəzifələr müəyyənləşdirilib.

Alim dövlət siyasətindən irəli gələn vəzifələrin icrasında fəal iştirakın İnformasiya Texnologiyaları İnstitutunun əsas prioritetlərindən biri olduğunu qeyd edib, institut əməkdaşlarını Ümumdünya Şəhərsalma Forumunun fəaliyyəti ilə yaxından tanış olmağa və bu istiqamətdə maarifləndirmə işlərində aktiv iştirak etməyə çağırıb.

İnstitutun baş direktoru 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunmasının bu məsələlərə göstərilən diqqətin bariz nümunəsi olduğunu söyləyib, Elm və Təhsil Nazirliyi tərəfindən İnformasiya Texnologiyaları İnstitutu qarşısında bu istiqamətdə mühüm tapşırıqların müəyyən edildiyini diqqətə çatdırıb. Alim həmçinin cari ilin sonunda institutda “Şəhər problemlərinin həllində İKT-nin rolu” mövzusunda elmi sessiyanın keçirilməsinin planlaşdırıldığını qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.