Azərbaycanda e-tibbin elmi-nəzəri əsaslarının formalaşması konsepsiyasının işlənilməsi günün vacib tələblərindəndir

21 Yanvar 2015 - 12:48 | Konfranslar, İclaslar
Azərbaycanda e-tibbin elmi-nəzəri əsaslarının formalaşması konsepsiyasının işlənilməsi günün vacib tələblərindəndir

Bu fikri texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova rəhbərlik etdiyi 15 saylı şöbənin fəaliyyət planının müzakirəsində səsləndirib. Onun sözlərinə görə, cari ildə şöbədə elektron tibbin elmi-nəzəri əsaslarının formalaşması istiqamətində araşdırmalar davam etdiriləcək və müvafiq konsepsiya işləniləcəkdir. Hesabat ili ərzində e-tibbin elmi istiqamətləri kimi elektron tibbdə Big data problemləri və tibb sferasında insan resurslarının intellektual idarə olunması problemlərinin tədqiqi nəzərdə tutulur.

M.Məmmədova əmək bazarında İT mütəxəssislərə tələb və təklifin intellektual idarə olunması istiqamətində İT mütəxəssislərə tələb və təklif disbalansının qeyri-səlis çoxkriteriyalı qiymətləndirilməsi metodlarının işlənilməsinin əhəmiyyətindən söz açaraq, bu istiqamətlərdə şöbədə aparılan tədqiqatların ilin sonunadək yekunlaşacağını və alınan nəticələrin şöbənin dissertantı F.Məmmədzadənin dissertasiya işində öz əksini tapacağını bildirdi.

Şöbə müdiri biliklərin əldə olunmasında yeni təhsil üsullarının üstünlüklərindən də danışaraq elektron universitetin fəaliyyət konsepsiyasının model və metodlarının işlənilməsi istiqamətində aparılan araşdırmalar haqqında məlumat verdi. O, e-universitetlərdə virtual təhsil məkanı, idarəetmə prinsiplərinin xüsusiyyətləri və onların əsas inkişaf istiqamətlərini qeyd edərək e-universitetin intellektual idarə olunmasının konseptual əsaslarının işlənilməsinin vacibliyini vurğuladı.

M.Məmmədova şöbədə qeyri-müəyyənlik şəraitində insan resurslarının idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsasları ilə bağlı işlərin davam etdiriləcəyini qeyd etdi. O, bildirdi ki, hesabat ili ərzində insan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsində testoloji yanaşma metodlarının tətbiqi imkanları araşdırılacaq, virtual təşkilatlarda insan resurslarının idarə olunması məsələləri analiz olunacaqdır.  

Virtual məkanda Azərbaycan dilinin tətbiqi problemlərinin araşdırılması istiqamətində şöbədə aparılan tədqiqatların davam etdiriləcəyini qeyd edən şöbə rəhbəri bildirdi ki, cari ildə də linqvistik informasiya texnologiyalarının tətbiqi ilə ingilis-azərbaycan dilli situasiyada öyrədici ekspert sistemin işlənilməsi üçün tədqiqatlar davam etdiriləcəkdir. 

M.Məmmədova şöbədə aparılan elmi-nəzəri və praktiki işlərin nəticəsi kimi cari ildə “Azərbaycanın İKT sektorunda insan resurslarına olan tələb və təklifin monitorinqi” və “Elektron tibb:  müasir vəziyyəti, elmi problemləri və perspektivləri” adlı iki kitabın da hazırlanacağını bildirdi.

Aparılan elmi-tədqiqat və innovasiya işlərinin КİV-də təbliği və bu istiqamətdə populyar məqalələrin nəşri, şöbədaxili seminarların keçirilməsi, beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı, həmçinin İKT üzrə gənc kadrların işə cəlb edilməsi ilə bağlı görüləcək işlərdən danışdı.

Sonda fəaliyyət planı ətrafında müzakirələr aparıldı, irad və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.