ETN İnformasiya Texnologiyaları İnstitutunda “Müasir proqram mühəndisliyinin aktual elmi-nəzəri problemlərinin identifikasiyası və onların həlli üçün yanaşmaların analizi” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.
İnstitutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov və institutun baş mütəxəssisi Tamilla Bayramovanın həmmüəllifi olduqları məruzəni T.Bayramova təqdim edib. O, proqram mühəndisliyinin müasir inkişaf mərhələləri, qlobal tendensiyalar və bu sahədə formalaşan yeni elmi yanaşmalar, əsas problemlər haqqında ətraflı məlumat verib.
T.Bayramova proqram mühəndisliyinin qlobal iqtisadiyyatda və milli təhlükəsizlik sistemində strateji əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirib ki, rəqəmsal texnologiyaların, xüsusilə proqram məhsulları sənayesinin sürətli inkişafı bu sahəni ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevirib. O, proqram mühəndisliyinin artıq bir sıra analitiklər tərəfindən “yeni neft” adlandırılmasının onun yaratdığı yüksək əlavə dəyər və iqtisadi təsirlərlə bağlı olduğunu vurğulayıb.
Məruzəçi proqram mühəndisliyi üzrə son 40 ildə aparılmış elmi tədqiqatların təhlilinə əsaslanaraq sahənin təkamül mərhələlərini şərh edib. Vurğulayıb ki, proqram mühəndisliyi proqramlaşdırma erasından başlayaraq proqram təminatının işlənilməsi mərhələsini başa vuraraq hazırda optimallaşdırma mərhələsinə keçid edib. Müasir mərhələdə əsas hədəf mövcud proqram sistemlərinin effektivliyinin artırılması, süni intellekt texnologiyaları ilə inteqrasiyası və insan amilinə uyğunlaşdırılmasıdır.
T.Bayramova süni intellektin proqram mühəndisliyinə təsirindən danışaraq qeyd edib ki, süni intellekt metodlarının tətbiqi nəticəsində ehtimallı proqram mühəndisliyi kimi yeni istiqamət formalaşıb. “Bu yanaşmada proqram sistemlərinin davranışı statistik və ehtimallı modellərə əsaslanır”, – deyə qeyd edən məruzəçi süni intellekt texnologiyalarının proqramlaşdırma, sınaq və keyfiyyətin təmin edilməsi, layihələndirmə, tələblərin idarə olunması, texniki müşayiət və layihə idarəetməsi mərhələlərində fəal şəkildə istifadə edildiyini diqqətə çatdırıb.
Tədqiqatçı proqram mühəndisliyi sahəsində formalaşan əsas trendləri də təqdim edib. Bunlara süni intellekt dəstəkli proqram mühəndisliyi, axtarış əsasında proqram mühəndisliyi, “Continuous Everything” paradiqması, sosiotexniki proqram mühəndisliyi, izaholunan və etibarlı süni intellekt sistemləri, etik mühəndislik və yaşıl proqram mühəndisliyi kimi istiqamətlər daxildir. Eyni zamanda, kvant proqram mühəndisliyi və immersiv texnologiyaların proqram təminatının işlənməsində artan rolu qeyd olunub.
Seminarda proqram mühəndisliyi sahəsində beynəlxalq təcrübə, IEEE və ACM kimi nüfuzlu qurumların təşkil etdiyi konfranslar, eləcə də ISO/IEC standartları əsasında formalaşan tədris yanaşmaları barədə də məlumat verilib. Vurğulanıb ki, “SWEBOK Guide” adlı təlimat çərçivəsində proqram mühəndisinin bilməli olduğu bilik sahələri bu ixtisas üzrə kadr hazırlığında əsas baza rolunu oynayır.
T.Bayramova həmçinin Azərbaycanda proqram mühəndisliyinin inkişafına dair məlumat verərək qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “2023–2027-ci illər üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası”nda proqram mühəndisliyinin milli prioritetlərdən biri kimi müəyyənləşdirilməsi bu sahəyə dövlət səviyyəsində verilən önəmin göstəricisidir.
T.Bayramova vurğulayıb ki, aparılan kompleks təhlillər proqram mühəndisliyinin artıq yalnız texnoloji sahə deyil, texnologiya, proses və insan faktorunun qarşılıqlı təsiri üzərində qurulan sosiotexniki sistemə çevrildiyini göstərir. O, tədqiqatın nəticələrinin proqram mühəndisliyi üzrə təhsil proqramlarının təkmilləşdirilməsi və sahənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm elmi əhəmiyyət daşıdığını bildirib.
Daha sonra dosent T.Kazımov çıxış edərək ölkəmizdə ilk dəfə proqram mühəndisliyi üzrə elmi tədqiqatlara 2003-cü ildə İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə başlanıldığını və bu istiqamətdə ardıcıl elmi fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb. O, qeyd edib ki, 2013-cü ildə İnformasiya Texnologiyaları İnstitutunun nəşriyyatında “Proqram mühəndisliyi”, 2020-ci ildə isə “Proqram mühəndisliyinin əsasları” adlı kitablar nəşr edilmiş, o cümlədən 2017-ci ildə İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə ilk dəfə “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” adlı I respublika konfransı keçirilmişdir.
Sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Akademik Rasim Əliquliyev mövzuya dair çıxış edərək dünyada proqram mühəndisliyi sahəsində aparılan qabaqcıl tədqiqatların araşdırılması, Azərbaycana transfer edilməsi, ölkəmizin elm və təhsil mühitinə uyğunlaşdırılmasının böyük önəm kəsb edən məsələlərdən olduğunu bildirib. Akademik Rasim Əliquliyev proqram mühəndisliyi sahəsində qabaqcıl dünya ölkələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətinə toxunub. Əlavə edib ki, institut bu istiqamətdə təşəbbüskar mövqe nümayiş etdirməli, proqram mühəndisliyi üzrə elmi konfranslara yüksək səviyyədə hazırlaşmalı və aidiyyəti elmi müəssisə və təşkilatların, ali məktəblərin, dövlət qurumlarının diqqətini bu məsələyə yönəltməlidir.
İnstitutun baş direktoru çıxışı zamanı proqram mühəndisliyinin ölkənin rəqəmsal inkişafında və kibersuverenliyinin təmin olunmasında strateji rolunu nəzərə alaraq bir sıra mühüm təkliflər də irəli sürüb. Akademik Rasim Əliquliyev bildirib ki, ilk növbədə proqram mühəndisliyinin müasir vəziyyəti və aktual elmi problemləri kompleks şəkildə təhlil edilməli, bu sahədə mövcud çağırışlar və inkişaf tendensiyaları elmi əsaslarla qiymətləndirilməlidir. Alim institutda proqram mühəndisliyinə dair tədqiqatlar aparan şöbənin kadr potensialının gücləndirilməsinin vacibliyini də önə çəkib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.