Elektron tibbi data bazalarının yaradılması, məlumatların təhlükəsiz şəkildə saxlanılması və bu məlumatlardan səmərəli istifadə müasir səhiyyənin əsas tələblərindəndir. Müasir texnologiyalar, xüsusilə süni intellekt vasitəsilə böyük həcmdə məlumatların həm mikro, həm də makro səviyyədə toplanması və analizi mümkündür. Tibbi sahədə bu yanaşma xəstəliklərin yaranma səbəblərinin daha dərindən öyrənilməsinə, fərdi müalicə strategiyalarının seçilməsinə və gələcək risklərin proqnozlaşdırılmasına geniş imkanlar yaradır.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev AZƏRTAC-a müsahibəsində mövzu ilə bağlı fikirlərini bölüşüb: “Bu istiqamətdə ölkəmizdə məsul dövlət qurumları tərəfindən mühüm addımlar atılır. Səhiyyə Nazirliyi tərəfindən rəqəmsal texnologiyalara xüsusi önəm verilir, müxtəlif İKT layihələri həyata keçirilir və vətəndaşlar elektron səhiyyə xidmətlərindən aktiv şəkildə istifadə edirlər. Bu xidmətlər cəmiyyət tərəfindən müsbət qarşılanır və gündəlik həyatda real rahatlıq yaradır. Məlumatların bir mərkəzdə toplanmasında əsas məqsəd ölkədə data suverenliyinin təmin edilməsi, yəni müxtəlif sahələr üzrə toplanan məlumatların vahid standartlar əsasında, təhlükəsiz və nəzarətli şəkildə saxlanılmasıdır. Dövlət strategiyasında bu məlumatlar üçün xüsusi data ekosisteminin formalaşdırılması mühüm yer tutur. Necə ki, neft və qaz ehtiyatlarının saxlanılması üçün xüsusi infrastruktur mövcuddur, eyni yanaşma rəqəmsal məlumatlar üçün də tətbiq edilməlidir. Bu cür sistemlərin qurulması böyük maliyyə və texniki resurslar tələb edir. Burada məlumatların məxfiliyi, dövlət təhlükəsizliyi, kibertəhlükəsizlik və davamlı infrastrukturun yaradılması əsas prioritetlərdəndir. Eyni zamanda, məlumatların sistemli şəkildə saxlanılması, mütəmadi yenilənməsi və düzgün idarə olunması uzunmüddətli perspektivdə səhiyyə sisteminin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verəcəkdir”.
Akademik Rasim Əliquliyev səhiyyənin data əsaslı idarə olunması və kadr hazırlığının müasir tələblərə uyğun şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb: “Artıq tibbi müəssisələrdə idarəetmə prosesləri, bu sahəyə məsul olan şəxslərin fəaliyyəti və həkimlərin qərarvermə mexanizmləri datalara əsaslanacaq. Ümumilikdə ölkəmizdə səhiyyənin təşkili də mərhələli şəkildə data əsaslı modelə keçid edir. Bu istiqamətdə dövlət başçısı tərəfindən qəbul edilən normativ sənədlərdə konkret vəzifələr müəyyənləşdirilib”.
Akademik qeyd edib ki, bu texnologiyalar inkişaf etmiş ölkələrdə artıq geniş şəkildə tətbiq olunur. Lakin onların ölkəmizdə tətbiqi milli maraqlara xidmət edən elmi araşdırmalara əsaslanmalıdır. Bunun üçün müvafiq kadr potensialının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə müəyyən işlər görülür, elmi konfranslar və tematik tədbirlər keçirilir, data mütəxəssisləri, həkimlər və məsul şəxslər arasında əməkdaşlıq gücləndirilir. Hazırda bu məsələ Azərbaycanda fəaliyyət göstərən alimlərin, eləcə də innovativ təfəkkürə malik həkimlərin gündəliyində əsas mövzulardan biridir.
Akademik Rasim Əliquliyev vurğulayıb ki, bu istiqamət Səhiyyə Nazirliyinin prioritetləri sırasındadır. Nazirlikdə struktur islahatlarının aparılması müşahidə olunur və tibbi məlumatların idarə olunması ilə bağlı konkret işlər həyata keçirilir: “Elmi-tədqiqat müəssisələri olaraq biz də Səhiyyə Nazirliyi və onun rəhbərliyi tərəfindən bu sahəyə göstərilən dəstəyi açıq şəkildə hiss edirik. Məhz bu əməkdaşlığın nəticəsi olaraq, yaxın zamanda İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Tibb Universiteti arasında memorandum imzalanıb. Memorandumun əsas məqsədi tibbi informatika sahəsində birgə fəaliyyətin təşkili, həm təhsil, həm də elmi-tədqiqat istiqamətlərinin inkişaf etdirilməsidir. İndiyədək ölkəmizdə tibbi informatika üzrə sistemli kadr hazırlığı mövcud deyildi. Halbuki bu sahədə uğur qazanmaq üçün həm İKT biliklərinə, həm də tibbi biliklərə malik mütəxəssislərin hazırlanması zəruridir. Zaman keçdikcə ölkəmizdə tibbi datalarla işləyə bilən peşəkar mütəxəssislər, data analitiklər və tibbi informatika üzrə ekspertlər hazırlanacaq”.