AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AzTV-nin Mədəniyyət kanalının “Səhərçağı” verilişinin qonağı olub. Akademik çıxışında 2025-ci ilin ölkə elmi üçün əlamətdar hadisələrlə yadda qaldığını, Azərbaycan alimlərinin mühüm nailiyyətlər əldə etdiklərini vurğulayıb. Akademik Rasim Əliquliyev Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini xatırladaraq, bu il çərçivəsində müvafiq dövlət təşkilatları, elmi müəssisələr, eləcə də, digər aidiyyəti qurumların qarşısına ölkəmizin kibersuverenliyinin təmin olunması ilə bağlı strateji vəzifələrin qoyulduğunu, mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.
AMEA-nın vitse-prezidenti son illər süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda ölkəmizdə bu sahədə ardıcıl addımların atıldığını, strateji sənədlərin qəbul edildiyini və yeni vəzifələrin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Akademik Rasim Əliquliyev mart ayında qəbul edilmiş “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın ölkənin rəqəmsal transformasiya kursunu müəyyənləşdirən strateji yol xəritəsi olduğunu qeyd edib.
Akademik Rasim Əliquliyev çıxışında, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley tədbirində çıxışı zamanı Azərbaycan elmi ictimiayyətinin qarşısında mühüm strateji vəzifələrin müəyyənləşdirildiyini bildirib, həmin çıxışdan irəli gələn tapşırıqlar, eləcə də 2026-cı il üçün müəyyənləşdirilən elmi prioritetlərdən, perspektivlərdən danışıb.