Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “AzScienceNet Şəbəkəsi: yeni reallıqlar, imkanları və tənzimləmə məsələləri” mövzusunda keçiriləcək respublika elmi-praktiki seminarı barədə məlumat verib.
O, seminarın təşkili məqsədilə Təşkilat Komitəsinin yaradıldığını, İşçi qrupun formalaşdırıldığını bildirib. Əlavə edib ki, proqram çərçivəsində 5 məruzənin təqdim olunması nəzərdə tutulur.
B.Nəbiyev hibrid formatda keçiriləcək seminarın əsas məqsədinin AzScienceNet şəbəkəsinin son illərdəki inkişaf tendensiyalarını, qarşıda duran çağırışları və yeni imkanları, həmçinin şəbəkənin idarəetmə, tənzimləmə və təhlükəsizlik məsələlərinə dair praktik tövsiyələri müzakirə etməkdən ibarət olduğunu vurğulayıb. Bildirib ki, tədbir ölkəmizin elm və təhsil müəssisələrinin rəqəmsal transformasiya prosesində AzScienceNet şəbəkəsinin oynadığı rolu, beynəlxalq elmi inteqrasiyadakı mövqeyini və strateji əhəmiyyətini daha da gücləndirməyə xidmət edir.
Qeyd edək ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə qurulan sıx əməkdaşlıq münasibətləri yerli istifadəçilərin Avropa və qlobal elm-təhsil şəbəkələrinin təqdim etdiyi qabaqcıl imkanlardan geniş şəkildə yararlanmasına şərait yaradır. 2015-ci ildən etibarən Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasına (GEANT) milli operator statusunda üzv qəbul olunan AzScienceNet, Azərbaycan elmi və təhsil ictimaiyyətinin Avropa və bütün dünya məkanına inteqrasiyasında mühüm virtual körpü rolunu oynayır.
Hazırda şəbəkə vasitəsilə ölkəmizin bir sıra elmi-tədqiqat institutları və ali təhsil müəssisələri sürətli internetə, eləcə də bulud texnologiyaları, yeni nəsil şəbəkə xidmətləri və müasir təhlükəsizlik həllərinə çıxış əldə edirlər. Bununla yanaşı, AzScienceNet Avropa Komissiyasının maliyyələşdirdiyi və GEANT Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən Eastern Partnership Connect (EaPConnect) layihəsində ölkəmizi uğurla təmsil edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.