PCI 2025 konfransında neft və qaz quyularında anomal təzyiqin proqnozlaşdırılması problemlərinə dair məruzə dinlənilib

11 Sentyabr 2025 - 09:46 | Konfranslar, İclaslar
PCI 2025 konfransında neft və qaz quyularında anomal təzyiqin proqnozlaşdırılması problemlərinə dair məruzə dinlənilib

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, t.f.d., dos. Bikəs Ağayev və elmi işçi Məleykə Paşayevanın həmmüəllif olduqları “Neft və qaz quyularında anomal təzyiqin proqnozlaşdırılması üsulu və intellektual proqnozlaşdırma sisteminin texniki realizasiyası haqqında” adlı məruzə “Kibernetika və İnformatikanın Problemləri” mövzusunda 6-cı beynəlxalq konfransda (PCI 2025) təqdim olunub.

M. Paşayeva məruzəni təqdim edərək bildirib ki, neft və qaz quyularında anomal yüksək lay təzyiqi zonalarının proqnozlaşdırılması və bu səbəbdən baş verə biləcək qəzaların qarşısının alınması, qazma və hasilat işinin səmərəliliyinin artırılmasının ən mühüm amillərindən biridir və eyni zamanda ətraf mühitin ekoloji təhlükəsizliyi və istismar etibarlılığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

O, tədqiqat işində yüksək lay təzyiqi zonalarının proqnozlaşdırılması məqsədilə qazmanın mexaniki parametləri (qazma sürəti, qazma alətinin fırlanma sürəti, qazma məhlulunun sıxlığı və s.) arasındakı funksional asılılığa əsaslanan yanaşma təklif edildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu yanaşma proqnozlaşdırma prosesinin real vaxt rejimində aparılmasına və quyunun qazma (dərinləşdirilməsi) işlərini dayandırmamağa imkan verir.

Məruzə ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.