Təsvirin tanınmasının analizi problemləri üzrə beynəlxalq təcrübə araşdırılır

25 İyul 2025 - 15:31 | Konfranslar, İclaslar
Təsvirin tanınmasının analizi problemləri üzrə beynəlxalq təcrübə araşdırılır

ETN İnformasiya Texnologiyaları İnstitutunun Multimedia Texnologiyaları Mərkəzinin “Təsvirlərin tanınmasının analizi üzrə beynəlxalq təcrübə və yanaşmalar” mövzusuna həsr olunmuş növbəti seminarı keçirilib. Seminarda institutun baş mütəxəssisi Kəmalə Həşimova təsvirlərin tanınmasının süni intellekt və kompüter görməsi sahələrinin ən dinamik və sürətlə inkişaf edən istiqamətlərindən olduğunu bildirib.

Məruzəçi qeyd edib ki, təsvirin tanınması texnologiyaları insan, obyekt və məkanların avtomatik tanınması üçün geniş tətbiq olunur. K.Həşimova təsvirlərin tanınmasının tarixi inkişaf mərhələləri, kompüter görməsinin prinsipləri, bu istiqmətdə müasir yanaşmalar haqqında ətraflı məlumat verib.

O, neyron şəbəkə modellərinin prinsipləri, üstünlükləri və real tətbiq nümunələrini izah edib. Həmçinin, təsvirin tanınmasında qarşıya çıxan əsas çətinliklər – obyektin “örtülməsi”, miqyas və baxış bucağının dəyişməsi, siniflərarası variasiya kimi faktorlar barədə danışıb.

K.Həşimova təsvirin tanınmasının dron texnologiyaları, avtonom nəqliyyat vasitələri, hərbi müşahidə, meşə təsərrüfatı və təhlükəsizlik kimi sahələrdə geniş tətbiq imkanlarına malik olduğunu qeyd edib. Məruzəçi həmçinin, dünyada bu texnologiyaları uğurla tətbiq edən aparıcı şirkətlərdən (Google, Apple və s.) bəhs edib.

O, həmçinin təsvirin tanınması texnologiyalarının etik və sosial aspektlərinə də toxunaraq bəzi ölkələrdə bu texnologiyaların vətəndaşların şəxsi məlumatlarının izlənməsi və hüquqlarının pozulması ilə nəticələnə biləcək risklər yaratdığını da qeyd edib. 

Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.