Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının struktur bölmələrin 2025-ci ilin birinci yarısı üzrə hesabatlarına həsr olunmuş növbəti iclasında 9 saylı şöbənin hesabatı müzakirə olundu.
Şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev əvvəlcə araşdırmalar aparılan elmi problemlər və mövzular haqqında qısa məlumat verdi. Sonra o, hər bir mövzu üzrə aparılmış tədqiqatlar, alınmış nəticələr və onların aprobasiyası barədə elmi şura üzvlərini məlumatlandırdı.
Əvvəlcə o, klasterləşmənin elmi-nəzəri əsaslarının inkişaf etdirilməsi mövzusu istiqamətində Avstraliyalı alimlərlə birlikdə aparılan tədqiqatlar və əldə olunmuş elmi nəticələr barədə danışdı. Qeyd etdi ki, bu mövzu çərçivəsində böyük verilənlərin klasterləşdirilməsi üçün yeni alqoritm işlənmişdir. O, həmçinin vurğuladı ki, klasterlərin həm kompaktlığını, həm də ayrılabilənliyini qiymətləndirmək üçün yeni mütləq indekslər daxil edilmiş və bu indekslər əsasında klasterlərin həqiqi sayını müəyyən etməyə imkan verən yanaşma təklif edilmişdir.
Ramiz Alıquliyev çıxışı zamanı şöbədə Big Data analitikası və Data Mining problemləri üzrə elmi tədqiqatlar aparan doktorant və dissertantların fəaliyyəti barədə məlumat verdi. O vurğuladı ki, şöbədə e-idarəetmənin səmərəliliyinin artırılması üçün süni intellekt metodlarının işlənməsi, böyük həcmli məlumatlarda anomaliyaların aşkarlanması üçün alqoritmlərin hazırlanması, həmçinin böyük verilənlərin analizi məqsədilə dərin təlim modelləri və metodlarının işlənməsi istiqamətində elmi araşdırmalar aparılır.
Eyni zamanda Industry 4.0 konsepsiyası çərçivəsində kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə aparılan tədqiqatların nəticələri təqdim olundu. Bu kontekstdə pilotsuz uçuş aparatlarının əvvəlcədən verilmiş trayektoriya üzrə hərəkətinin idarə olunması sahəsində aparılan araşdırmaların nəticələri də diqqətə çatdırıldı.
R.Alıquliyev cari ilin birinci yarısında rəhbərlik etdiyi şöbədə AR Dövlət Neft Şirkətinin Elm Fondu və Azərbaycan Elm Fondu tərəfindən maliyyələşdirilən qrant layihələri çərçivəsində yerinə yetirilmiş elmi-tədqiqat işləri, dərc olunmuş məqalə və tezislər barədə məlumat təqdim etdi.
O, bildirdi ki, hesabat dövrü ərzində şöbə əməkdaşları tərəfindən 26 məqalə və 7 tezis hazırlanmış, onlardan da 4 məqalə və 1 tezis artıq nəşr edilmiş, 6 məqalə və 6 tezis çap mərhələsində, 13 məqalə və 1 tezis rəy prosesindədir.
Şöbə müdiri həmçinin Avstraliya Federativ Universiteti, Melburn Kral Texnologiya İnstitutu, Türkiyənin Ankara və Dokuz Eylül universitetləri ilə beynəlxalq elmi əməkdaşlıqların genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirdi.
Daha sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev klasterləşmənin elmi-nəzəri əsaslarının inkişafının müasir elmin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. O, şöbənin beynəlxalq əməkdaşlıq çərçivəsində tanınmış alimlərlə birgə həyata keçirdiyi Big Data analitikası və onun klasterləşdirilməsi üzrə tədqiqatların nəticələrinin institutun elmi seminarlarında təqdim olunmasının əhəmiyyətini xüsusi olaraq qeyd etdi.
Yekunda Elmi Şuranın qərarı ilə 9 saylı şöbənin 2025-ci ilin birinci yarısı üzrə elmi fəaliyyəti qənaətbəxş hesab olundu.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.