Akademik Rasim Əliquliyev: “Elmi seminarlar tədqiqatçıların bilik və təcrübə qazanmasına xidmət edən intellektual dialoq platformasıdır”

24 İyul 2025 - 09:27 | Konfranslar, İclaslar

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun elmi seminarında “Elmi seminarların məqsədləri və məzmunu haqqında bəzi məsələlər” adlı məruzə ilə çıxış edib.

Akademik R.Əliquliyev çıxışında AR Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının əhəmiyyətinə toxunaraq bildirib ki, bu Sərəncam elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən mühüm strateji sənəddir.

“Bu sənədin əsas prioritetlərindən biri də elmi yaradıcılıq üçün daha əlverişli şəraitin yaradılmasıdır”, – deyən baş direktor bu kontekstdə ETN-nin tabeliyindəki elmi müəssisələrdə, o cümlədən İnformasiya Texnologiyaları İnstitutunda tədqiqat mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib. Alim institutda elmi seminarların daha səmərəli təşkili zərurətini vurğulayaraq bildirib ki, bu tədbirlər institut əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, aktual elmi problemlərin müzakirəsi, mühüm nəticələrin əldə olunması və onların nüfuzlu beynəlxalq jurnallarda dərc olunması baxımından böyük əhəmiyyətə malikdir.

Akademik R.Əliquliyev institutda elmi seminarların keyfiyyətli təşkili məsələsinə xüsusi diqqət yetirildiyini deyərək bildirib ki, seminarların həm şöbələrdə, həm də institut səviyyəsində keçirilməsi, onların bir intellektual proses kimi qarşılıqlı şəkildə əlaqələndirilməsi, keyfiyyətli elmi müzakirələrin aparılması, bu yolla tədqiqatların məzmun və keyfiyyətinin yüksəldilməsi əsas məqsədlər sırasındadır. Bu, eyni zamanda seminarlarda iştirak edən tədqiqatçıların məsuliyyətini artırmağa və onların elmi fəaliyyətinə dəstək verməyə xidmət edir.

“Elmi seminarlar tədqiqatçıların bilik və təcrübə qazanmasına xidmət edən intellektual dialoq platformasıdır”, – deyən akademik R.Əliquliyev yeni texnoloji biliklərin əldə olunması üçün geniş imkanlar açan elmi seminarların tədqiqatçıların intellektual potensialının və əldə etdiyi nəticələrin kompleks qiymətləndirilməsi mexanizmi olduğunu qeyd edib. Alim bu seminarlarda təqdim olunan elmi problemlərin miqyası, meydana gəldiyi şərait, elmi statusu, əhatə etdiyi elm sahələri, aktuallıq dərəcəsi və araşdırılma vəziyyətinin geniş şəkildə müzakirə olunduğunu diqqətə çatdırıb.

Akademik R.Əliquliyev elmi seminarların təşkilində keyfiyyət baxımından yeni yanaşmaların tətbiqinin vacib olduğunu və bu yanaşmaların tədqiqatların effektivliyini artırmaqla yanaşı, həm də ümumilikdə ölkənin elmi potensialına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Sonda akademik Rasim Əliquliyev dünya elminin müasir çağırışlarını və Azərbaycan elminin inkişafına xidmət edən strateji sənədlərdən irəli gələn vəzifələri rəhbər tutaraq, hər bir tədqiqatçını öz fəaliyyətini yenidən nəzərdən keçirməyə, qarşıya qoyulan vəzifələri məsuliyyətlə icra etməyə və aktual problemlərə həsr olunmuş elmi araşdırmalarını daha da dərinləşdirməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.